Xəbər lenti

Tokayevin Ankara səfəri Rusiyanı niyə qıcıqlandırır? (ŞƏRH)
Dünya 18:35 28.07.2025

Tokayevin Ankara səfəri Rusiyanı niyə qıcıqlandırır? (ŞƏRH)

"Yaxın zamanlarda Kremlin Qazaxıstana qarşı hər hansı bir təhdidə keçmək imkanı yox səviyyəsindədir və real deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşad Həsənov Qazaxıstanın Türkiyə ilə yaxınlaşmaq siyasətinin Rusiyanı qıcıqlandırması məsələsini şərh edərkən deyib.

Elşad Həsənov bildirib ki, Rusiyanın son illər apardığ siyasət özünütəcrid siyasətidir:

"Moskvanın Ukraynaya qarşı təcavüzü göz önündədir. Digər xalqlar da bundan nəticə çıxarmalıdır. Ona görə də Rusiyadan qopma halları çoxalır, Cənubi Qafqaz, Orta Asiya ondan üz döndərir".

Ekspert qeyd edib ki, artıq Qazaxıstanda da milli oyanış baş verir:

"Türk Dövlətləri Təşkilatı inkişaf etdikcə, Qazaxıstanın Rusiyadan uzaqlaşması tendensiyası da artır. TDT-in hərbi müttəfiqlik məsələsi də gündəmdədir. Digər tərəfdən, Çin də Qazaxıstanda möhkəmlənir, bu ölkəyə böyük investisiya yatırır. Artıq Çin Astanaya daha yaxındır, nəinki Rusiya. Son günlər Rusiyaya gedən tranzit yük maşınlarının Qazaxıstan ərazisində yoxlanılması da Moskvada qıcıq doğurmağa başlayıb".
 


Ekspertin fikrincə, bütün bunların müqabilində Rusiya o imkanda deyil ki, Qazaxıstan və ya bu yolu tutan digər hansısa bir ölkəyə qarşı cəza tədbiri görsün:

"İllərdir ki, Ermənistan Rusiyaya dirsək göstərir. Ancaq Rusiyanın başı Ukraynaya qarışdığından İrəvanı cəzalandıra bilmir. Görünən odur ki, Rusiya getdikcə zəifləyir, yaxın aylarda o iqtisadi cəhətdən çökəcək. Rusiya bu siyasətilə parçalanmağa məhkumdur. Bu isə Rusiyada daxili münaqişələrə gətirib çıxaracaq. Artıq Rusiyanın müxtəlif ərazilərində Putinə qarşı etiraz aksiyaları keçirilir. Başqırdıstanda, Tatarıstanda belə hallar baş verib. Mövcud vəziyyətdə Moskvanın Qazaxıstanı cəzalandrmaq imkanı sıfıra bərabərdir. Qazaxıstan siyasi rəhbərliyi bunu bilir. Ona görə də hesablanmış siyasət aparırlar. Hesab edirəm ki, TDT və Çin Rusiya tərəfindən Qazaxıstana hansısa bir təzyiq olarsa, ona siyasi və hərbi dəstək göstərəcəklər".

Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev iyulun 29-da Ankaraya rəsmi səfər edəcək. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlarda hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edən məsələlər, Qazaxıstan neftinin şaxələndirilməsi və onun Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə nəqlinin artırılması müzakirə olunacaq. 

Türkiyə və Qazaxıstan liderləri həmçinin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasını keçirəcəklər və burada iqtisadi inteqrasiya, rəqəmsal transformasiya, müdafiə təşəbbüsləri və türk birliyinin gücləndirilməsinin əsas aspektlərini müzakirə edəcəklər. 

Görünən odur ki, son dövrlər rəsmi Astana da Rusiyadan uzaqlaşmaq xətti götürüb. Əvəzində Çin, Qərb və Türkiyəyə meyl edir. Bu isə hələlik başı Ukraynadakı bataqlığa qarışan Rusiyanı istər-istəməz qıcıqlandırır. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->