"Yalnız S-400-lərə görə Ankara ABŞ və digər müttəfiqlərlə münasibətləri korlamayacaq. S-400-ləri əvəzləyəcək və hətta ondan da yaxşı yetərincə silahlar var və Türkiyə onları problemsiz əldə edəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Türkiyə Rusiyanın S-400 raketdən müdafiə sistemindən imtina etməyə yaxın olduğu barədə ABŞ-ın Türkiyədəki səfiri Tom Barrakın bəyanatını şərh edərkən deyib.
Türkiyənin bu addıma nə dərəcədə hazır olub-olmaması həmsöhbətimizin fikrincə, artıq daha çox bir çevrənin diqtəsinə bağlıdır:
"Bir sıra Qərb dövlətlərinin Rusiyaya münasibəti çox sərtdir. Bunu şərtlərdirən əsas məqam isə Rusiyanın Ukraynaya qarşı təcavüz aktıdır. Son dövrlər ABŞ prezidentinin müharibəni dayandırmaq istiqamətində atdığı addımlar, Rusiyaya münasibətdə onun güzəştli mövqe tutması o demək deyil ki, Vaşinqton Moskvanın müttəfiqidir. ABŞ-ın öz düşərgəsi var ki, burada təmsil olunan əsas ölkələrdən biri də Türkiyədir. Türkiyə NATO ölkəsi olaraq özünün siyasi və hərbi baxışlarını ABŞ başda olmaqla alyansa daxil olan dövlətlərlə paylaşır. Ona görə də mövcud məsələdə kənar təsirlərin rol oynadığını düşünürəm".
Ekspert qeyd edir ki, Türkiyə Rusiyaya görə, daha ciddi əlaqələri olan müttəfiqlərilə münasibətlərini pozmayacaq:
"Bu halda sözsüz ki, Türkiyənin Rusiya ilə münasibətlərinə müəyyən xələl gələcək. Onsuz da həmin münasibətlərə xələl gətirən bir sıra hallar baş verib və bundan sonra da baş verəcək. Türkiyə Ukrayna müharibəsinin dayandırılmasında ən çox sözü keçən, ən çox əziyyət çəkən ölkədir".
S-400-in hansı silahlarla əvəzlənməsinə gəldikdə, İ.Rüstəmli bildirir ki, bu sistemlər hərbi sənayedə zirvə, maksimum deyil:
"Dünyada silah sənayesi xeyli inkişaf edib və Türkiyənin də ən müasir tələblərə cavab verən kifayət qədər ciddi silahları var. Bu silahların əldə edilməsi Türkiyə üçün problemsizdir. Türkiyə düşünülmüş siyasətilə istənilən ölkə, o cümlədən Amerikadan da silah ala bilər".
Qeyd edək ki, mətbuatın yazdığına görə, ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Türkiyənin Rusiyanın S-400 raketdən müdafiə sistemindən imtina etməyə yaxın olduğunu bəyan edib. Onun sözlərinə görə, Türkiyə digər NATO üzvləri ilə gərginliyə səbəb olan və Amerikanın F-35 təyyarələrini əldə etməsinə mane olan Rusiya hava hücumundan müdafiə sistemini ləğv etməyə çox yaxındır. O, əlavə edib ki, bu məsələlər yaxın dörd-altı ay ərzində həllini tapacaq.
Xatırladaq ki, 2017-ci ildə Türkiyə Rusiyadan 2,5 milyard dollar həcmində iki S-400 sistemi almaq üçün müqavilə imzalayıb və bu sistemlər Ankaraya 2019-cu ildə çatdırılıb. Bunun nəticəsində ABŞ Türkiyəni F-35 proqramından çıxarıb.
Rüfət Sultan
Şərhlər