İranın ali lideri ayətullah Əli Xamenei çərşənbə günü bəyan edib ki, Tehran uranın zənginləşdirilməsindən imtina etməyəcək. O, Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı uzunillik mübahisənin həlli üçün irəli sürdüyü əsas şərti İslam Respublikasının maraqlarına zidd adlandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters”
yazıb.
Oman İran və ABŞ arasında vasitəçi rolunda çıxış edərək şənbə günü ABŞ-ın təklifini Tehrana çatdırıb.
Beş raund danışıqlara baxmayaraq, bir neçə mürəkkəb məsələ hələ də həll olunmayıb. Onların arasında İranın öz ərazisində uranın zənginləşdirilməsini davam etdirmək istəyi və hazırda mövcud olan yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkə xaricinə çıxarılmasından imtina da var. Bu maddə nüvə silahı istehsalı üçün istifadə oluna bilər.
Televiziya ilə yayımlanan çıxışında Xamenei bildirib:
"Uranın zənginləşdirilməsi bizim nüvə proqramımızın əsas hissəsidir və düşmənlər məhz bu məsələyə diqqət yetirirlər. ABŞ-ın qaba və təkəbbürlü liderləri daim tələb edirlər ki, bizim nüvə proqramımız olmasın. Siz kimsiniz ki, İrana uran zənginləşdirib-zənginləşdirməmək barədə göstəriş verirsiniz?"
Xatırladaq ki, İran və Qərb arasında nüvə proqramı ilə bağlı gərginlik son illərdə daha da artıb. ABŞ, İranın nüvə silahı istehsalına yaxınlaşdığı qənaətindədir, Tehran isə nüvə proqramının yalnız dinc məqsədlər üçün olduğunu iddia edir.
Alpər
Şərhlər