"Yaxın aylarda bölgədə ciddi dəyişikliklərin şahidi olacağıq. Hətta İsraillə Türkiyə arasında mövcud gərgin münasibətlər daha da kəskinləşəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu Türkiyə XİN rəhbəri Hakan Fidanın İsrailin Qəzzada yenidən hərbi əməliyyatlara başlaya biləcəyi barədə fikirlərini şərh edərkən deyib.
Rufiz Hafizoğlu bildriib ki, Hakan Fidanın bu açıqlaması yeni deyil:
"Bundan öncə də bənzər açıqlamalar olub. Ərəb KİV-ləri səviyyəsində iddia edilir ki, Trampın ABŞ-da yenidən hakimiyyətə gəlməsi fonunda Qəzzadakı hərbi əməliyyatlar yenidən bərpa oluna bilər. Onun baş verməsi çox realdır. Hazırda əsir mübadiləsi həyata keçirilir. Onun ikinci mərhələsi müzakirə edilir. Bu baxımdan, Qəzzada yeni hərbi əməliyyatlar ona görə başlamır ki, bu əsir mübadiləsini yarımçıq qoyacaq. Bu isə öz növbəsində Netanyahu hökumətinin istefasına gətirib çıxaracaq addım ola bilər".
Ekspertin fikrincə, yeni əməliyyatların başlaması Benyamin Netanyahunun, ümumiyyətlə yəhudi dövlətinin maraqlarına xidmət edən amildir:
"HƏMAS hərbi cəhətdən xeyli zəifləyib. Amma tam məhv olmayıb. Onlar var və mövcuddur. Düşünülür ki, əsir mübadiləsinin bitməsilə İsrail yenidən hərbi əməliyyatları bərpa edəcək. Onsuz da İordan çayının qərb sahilindəki işğalda qalan Fələstin ərazilərində yarı hərbi əməliyyatlar bu günün özündə davam etdirilir. Dünən səhər həmin ərazidə 7 İsrail əsgəri ağır yaralanıb".
Həmsöhbətimiz düşünür ki, Trampın hakimiyyətə gəlməsi Netanyahunu cəsarətləndirib:
"Burada fələstinlilərin köçürülməsi məsələsi var ki, ona da ümumiərəb və Səudiyyə Ərəbistanı yanaşması da var. Ciddi rezonansa səbəb olan Qəzzanın yenidən inkişafı və burada Çin üsullu yeni şəhərlərin salınması məsələsi gündəmdədir. Tramp Qəzza əhalisinin köçürülməsini istəyir ki, ərəblər də ona qarşıdır. Bu fonda Tramp adminstrasiyası ərəb ölkələrindən alternativ tələb etdi".
Rufiz Hafizoğluna görə, bütün bunlar onu göstərir ki, regionda hadisələr bir qədər uzanacaq, vaxt alacaq:
"Məsələyə xüsusən də Əsəd rejiminin çökməsindən sonra sadəcə İsrail-Fələstin kontekstində yanaşmaq yanlış olardı. Bölgədə daha ciddi oyunlar hələ qabaqdadır. Yaxın aylarda bölgədə ciddi dəyişikliklərin baş verməsinin şahidi olacağıq. Hətta İsraillə Türkiyə arasında mövcud gərgin münasibətlər daha da kəskinləşəcək".
Qeyd edək ki, Türkiyənin XİN rəhbəri Hakan Fidan İsrailin Qəzzada yenidən hərbi əməliyyatlara başlaya biləcəyini bəyan edib. "Beynəlxalq cəmiyyət, Qəzza Zolağında atəşkəsin qalıcı olmasını təmin etmək üçün birləşməlidir. Mən HƏMAS-ın Siyasi Büro üzvləri ilə görüşdüm. HƏMAS atəşkəs razılaşmasının tələblərini heç bir tərəddüd olmadan yerinə yetirir. Lakin, İsrailin Baş naziri Benyamin Netanyahunun, israilli girovların azad edilməsindən sonra hansı mövqedə olacağı ilə bağlı bəzi suallar var. Netanyahunun döyüşləri yenidən başlatma ehtimalı hamını narahat edir", deyə Hakan Fidan qeyd edib.
Rüfət Sultan
Şərhlər