Xəbər lenti

Audiokitab dinləyək, təbiəti qoruyaq... (FOTOLAR)
Foto 09:15 06.01.2022

Audiokitab dinləyək, təbiəti qoruyaq... (FOTOLAR)

Dövr dəyişir, texnologiya inanılmaz sürətlə inkişaf edir. Dünən maraqlı olan artıq bu gün diqqəti cəlb etmir və ya dünən əl-əl gəzən nəyəsə bu gün ehtiyac olmur. Və bu zaman axınında kitab mütaliəsində də, əlbəttə ki, dövrə uyğun dəyişikliklər olub. Bu dəyişiklik daha çox vaxtın azlığı və həm də, eyni zamanda digər problemlərlə əlaqədardır. Görmə məhdudiyyətli, eyni zamanda kitabları audio formatda dinləməyi sevənlər üçün Azərbaycanda layihə hazırlanıb. "Audiokitab” layihəsinin əsas məqsədlərdən biri, görmə məhdudiyyətli insanlar üçün mütaliənin daha da əlçatanlığının təmin edilməsidir.

"Kaspi” qəzetinin əməkdaşları məsələ ilə bağlı maraqlı araşdırma aparıblar.

1 layihə – 1200-dən artıq əsər

"Audiokitab”ın direktoru Əhliman Ərşadlı deyir ki, bu layihəyə 2015-ci ildən başlayıblar. Və onlar bununla bir ilkə imza atıblar: "Biz Azərbaycan klassiklərindən tutmuş, müasir yazarlarımıza qədər, eyni zamanda dünya klassikləri və müasir yazarların əsərlərini səsləndirib portala daxil etmişik. Portalda nəinki bədii ədəbiyyat, eyni zamanda tarixi, texniki, hüquqi ədəbiyyat da öz əksini tapıb. Professorlar Kərim Məmmədov və Elxan Həsənovun daş dövründən tutmuş, ta bu günə qədər Azərbaycan tarixini əhatə edən mühazirələri öz ifalarında yerləşdirilib. Bu, nəinki tələbələr, ümumiyyətlə hər bir azərbaycanlı üçün çox dəyərli bir materialdır. Bundan başqa,  uşaq ədəbiyyatı, 7, 8, 9, 10-cu siniflər üçün dərsliklər səsləndirilib. Bu gün soydaşlarımız rahatlıqla İOS və Android platformalarında olan "Audiokitab” mobil tətbiqini yükləyib, 700-ə yaxın audiokitab və 1200-dən çox əsəri dinləyərək, layihədən yararlana bilərlər. Mobil tətbiqlərin əsas üstünlüklərindən biri, yüklənmiş kitabları internet şəbəkəsi olmadan da dinləmək imkanının olmasıdır”.

"Audiokitab” Qarabağda

Layihənin ən maraqlı tərəfi, həm də ən böyük uğuru, deyərdim ki, Qarabağın ilk regional radiokanalı olan "CBC FM”də – 102.7 MHs işçi tezliyində məhz "Auidiokitab”dan əsərlərin yayımlanmasıdır. 

Xaricdəki soydaşlarımız diqqətdə

Əhliman bəy deyir ki, "Audiokitab” layihəsinin əsas məqsədlərindən biri də xaricdə yaşayan soydaşlarımız üçün ana dilində ədəbiyyatın əlçatan olmasını təmin etməkdir. Və bu yolda xeyli uğur qazanılıb. Belə ki, sosial şəbəkələrdə vətəndən uzaqda olan dinləyicilərin xoş rəyləri, təşəkkürləri hər zaman göz önündədir və görülən işin nəticəsinin əks-sədasıdır.

Təbiəti qoruyuruq

"Audiokitab”ın devizi də bu günümüzlə səsləşir – audiokitab dinləyək, təbiəti qoruyaq. "Bir kitabın çapından ötrü nə qədər ağac tələf olur. Kitab çap olunur, tirajı bitir, yenidən çap olunmasına ehtiyac yaranır. Amma əsər səsyazması bir dəfə baş tutur və həmişəlik qalır. Biz bununla həm də təbiəti qoruyuruq” deyir Əhliman bəy.

Peşəkar kollektiv

Layihənin qiraətçilərindən biri sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı hesab edir ki, audiokitab kitabın yeni – müasir dövrə uyğun versiyasıdır: "Bütün dünyada bu cür audiokitab layihələri var. Sevindirci haldır ki, bizdə də artıq var və insanlar bundan istifadə etməyə başlayıblar. Biz tam peşəkar kollektivlə işləyirik. Və işimizdən – insanlara rahat mütaliə sevinci bəxş etməkdən həm sevinir, həm də qürur duyuruq. Gələcəkdə bu işi radio-teatr formasında daha çox inkişaf etdirməyi düşünürük”.

Tətbiq haqda

Tətbiq çox rahat şəkildə telefona pulsuz yüklənir. Axtarış bölməsindən fondda olan istənilən kitabı  tapmaq mümkündür. Burada olan kitabların 95 faizini pulsuz, müəyyən qismini isə simvolik məbləğdə ödəniş etməklə dinləmək mümkündür. Lakin görmə məhdudiyyətli şəxslər promokod vasitəsilə bütün əsərləri pulsuz dinləyə biləcəklər. Yaxın vaxtlarda ödənişli kitablar üçün abunə də tətbiq olunacaq. Ödənişin təxminən 3-4 manat arasında olacağı gözlənilir.

Xüsusi həssaslıq

"Audiokitab”ın mətbuat katibi Əşrəf Haşımoğlu deyir ki, bu layihədə daha çox görmə məhdudiyyətli insanların istəkləri nəzərə alınır. Onlar əsərlərə daha böyük diqqət ayırır, xüsusi həssaslıqla yanaşırlar. Əşrəfin özü də görmə məhdudiyyətli şəxs olduğundan, həmin insanlarla daha sıx əlaqədədir. Deyir ki, bizim xüsusi "votsap” qruplarımız var. Orda hər bir yeni əsər və eyni zamanda da qiraətçilərin səsi, intonasiyası müzakirə olunur. Onlar elə müzakirə vaxtı dinləmək istədikləri əsərlərin adlarını bildirir və həmin əsərlər fondda artıq mövcuddursa, portala yerləşdirilir, yoxdursa, səsləndirilir.

Məktəblərdə də dinləyirlər

Bundan başqa, orta məktəblərin ibtidai siniflərində sinifdənxaric oxu zamanı proyektor vasitəsilə lövhəyə verilərək "Audiokitab”ın əsərlərindən istifadə olunur. Məktəblilər həmin əsərləri həvəslə dinləyirlər. Noyabr ayından etibarən müxtəlif universitet və məktəblərdə görüşlərə yenidən start veriləcək.

Bu yaxınlarda keçirilən Beynəlxalq Kitab Yarmarkasında alternativsiz iştirak edən "Audiokitab”a xüsusi diqqət və maraq da gözdən yayınmadı. İnsanlar böyük həvəslə əsərləri dinləyir, tətbiqin necə yüklənməsini və istifadə qaydasını öyrənirdilər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->