Sənət 14:02 12.06.2021

Azad Qaradərəlinin “Ucubuluq” dastan-romanı nəşr edildi

Yazıçı Azad Qaradərəlinin "Ucubuluq” adlı yeni kitabı çapdan çıxıb. 

Qaynarinfo xəbər verir ki, "Ucubuluq” "Bizklubun” nəşr etdiyi doqqucuncu kitabdır.

Kitab haqda rəyləri təqdim edirik:

Tehran Əlişanoğlu: ”Roman-dastanı oxudum. Sözsüz ki, Dədə Qorqud dilinin bu dərəcədə müasir versiyasını verə bilməyin, bu dildə yazmağın əvəzsizdir. ...sənin xalq dili ilə qaynayıb-qarışan yazıçı dilin təkrarsızdır”. 

İsmayıl Kazımov: "Azad Qaradərəlinin "Ucubuluq” romanını birnəfəsə oxudum, "Kitabi-Dədə Qorqud”u oxuduğum kimi. Roman əslində "Dədə Qorqud”un 13- cü boyu kimidir, yaxud dastanın dekonstruksiyasıdır. Romanı sözün həqiqi mənasında tarixi-mədəni hadisı saymaq olar”.  
                     
Niyazi Mehdi: "... bu roman xalq melodiləri ilə mənalı oyuna girən simfoniya kimidir (yadınıza salın Üzeyir bəyin «Leyli və Məcnun operasını). Bu, Dədə Qorqud dastanını çağdaş mədəniyyətimizin aktivində saxlamaq üçün çox gərəkli işdir...” 

Aqşin Yenisey: "Ucubuluq” romanı... fikrimcə, əsl postmodernizm nümunəsidir, həm də bir az ənənəvi olmayan postmodernizm. Bu roman "Kitabi-Dədə Qorqud” mətnlərinin yalnız dekonstruksiyası deyil, eyni zamanda qədim mətnin çağdaş dilin ironik qatında yenidən canlandırılmasıdır. Bir növ, qədim mətnin həm də rekonstruksiyasdır".

Maral Yaqubova: "Romanın adı öncədən bir magik realizm havası olacağını sezdirdi, Ucubuluqla bağlı əfsanə və rəvayətlər barədə o qədər də geniş məlumatım yox idi, roman sayəsində öyrəndim... Mənim oxuduğum Azərbaycan ədəbiyyatında Yusif Səmədoğlunun Kirlikirindən sonra belə bir obraza rast gəlməmişdim. Bəşərin mənfi xislətini özündə cəmləşdirən bir obraz, müəllif mifi deyək buna. Ucubuluğun nə qədər əfsanəvi qaynağı olsa da, romanda müəllif onu funksionallaşdırıb, öz mövqeyi və mahiyyəti olan obraza çevirib..."

Mübariz Örən: "Azad Qaradərəlinin "Ucubuluq” romanı son vaxtlar oxuduğum ən gözəl əsərlərdəndir. Təhkiyəsi mötəbər və etibarlıdır. Təsvirlər ifratla kasadın tam ortasında – "qızıl orta”dadır. Mətn təmiz və bütövdü. Ölməz yazılı abidəmiz olan "Kitabi-Dədə Qorqud”un ruhunu, havasını itkisiz daşımaqla yanaşı, dastanın ərk və ədasında yazılmağı ayrıca həzz verir”. 

Nicat Həşimzadə: "Azad Qaradərəli çox kitablar yazıb. Bu zamana qədər düşünürdüm ki, ən möhtəşəm əsəri "Əllidən bir kəm" romanıdır. Ancaq "Ucubuluq" romanı daha möhtəşəm alınıb. Postmodern roman oxumaq istəyirsiniz, buyurun oxuyun".

Nemət Mətin: "Azad müəllimin sevdiyim bir əsəri var: "Morq çiçəkləri". Mənimçün hadisə olmuşdu. O roman haqda məqalə də yazmışdım. İnanıram ki, "Ucubuluq" bütün romanlarını üstələyəcək...”