Sənət 09:45 17.05.2023

"Bu il incəsənət xadimləri oruc tuturdular ki, onlara yol açılacaq"

"Aktyorlar üçün sahə götürülsün və orada iki yataq otağından ibarət evlər hazırlansın. Verilsin gecəqonduda qalan aktyorlara. Hansı ki, o aktyor maaş vaxtı Beyləqananın kəndinə gedib, bütün maaşını orada qoyub, 20 manat yol pulu götürüb gəlir buraya".

Qaynarinfo xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "3D" prqramında qonaq olarkən deyib. O, imkansız incəsənət xadimləri ilə bağlı danışarkən kövrəlib. Aktrisa tikiləcək evlər üçün məbləğin hansı üsulla toplanması ilə bağlı fikir də irəli sürüb:

"Bütün teatrlara məktub göndərilsin. Direktorlar, aparıcı qüvvələr yığılsın teatr zallarından birinə və deyilsin ki, "Birimiz hamımız, hamımız birimiz üçün". Maaşdan tutaq ki, 10 manat qoyursan bu hesaba. Həmin məbləğ teatrda yığılır və torpaq sahəsi alıb, evləri tikdirirsən. Bunu edənlər var. Amma bizdə fikirləşirlər ki, "Sement satılacaq, torpaq 1 maşındır, dostuma deyərəm göndərər". Biz bu xırda hisslərlə yaşayırıq. Harada nə yeyim! Ay sənin qarnına Osmanlı gülləsi! Nə qədər yeyecəksən? Kimdən yeyirsən, acdan? Bu il bütün incəsənət xadimləri oruc tuturdular. Arzularıyla, inamlarıyla. İnanırdılar ki, bir yol açılacaq, ailəsini gözünün qabağına yığacaq. Uşağı isti yemək yeyəcək, isti evdə yaşayacaqlar".