Xəbər lenti

Kritik mərhələ başa çatır: Dağıntılar altında qalanlar üçün zaman daralır
Dünya 15:09 28.06.2026

Kritik mərhələ başa çatır: Dağıntılar altında qalanlar üçün zaman daralır

Venesuelanın paytaxtı Karakasda və La Quayra ştatında baş vermiş dağıdıcı zəlzələlərdən sonra dağıntılar altında qalan insanların xilas edilməsi üçün kritik hesab olunan ilk 72 saatın sonuna yaxınlaşılır.
 
Qaynarinfo xəbər verir ki, axtarış-xilasetmə qrupları zamanla yarışdığı bir vaxtda, 18 günlük körpə və anasının sağ xilas edilməsi ölkədə ümidləri yenidən artırıb. Son məlumata görə, iki güclü zəlzələ nəticəsində ölənlərin sayı 1430 nəfərə çatıb, on minlərlə insan isə hələ də itkin hesab olunur.
 


İyunun 25-də baş verən zəlzələlərdən sonra xilasedicilər və könüllülər uçmuş binaların dağıntıları altında sağ qalanları tapmaq üçün intensiv fəaliyyət göstərirlər. Bazar günü səhər saatlarından etibarən canlıların xilas edilməsi baxımından həlledici sayılan ilk 72 saat başa çatır.
 


Mayamidən təkbaşına La Quayraya yardım göstərmək üçün gələn avstraliyalı yanğınsöndürən Kreyq Demeyon bölgədə vəziyyətin "çox xaotik və nizamsız" olduğunu bildirib və daha çox insanın sağ tapılacağına ümid etdiyini deyib.
 


Axtarış-xilasetmə işləri La Quayra ştatına giriş imkanlarının məhdud olması və könüllülərin təhlükəsizlik icazəsi almaq məcburiyyətində qalması səbəbindən ləngiyir.

"Associated Press"in məlumatına görə, fəlakət zonasına giriş üçün növbədə gözləyən 27 yaşlı venesuelalı könüllü Karlos İtriaqo bürokratik maneələri tənqid edərək bildirib:

"Həyat xilas etmək üçün icazəyə ehtiyac var. Təsəvvür edin. İndiyədək nə qədər insanı itirmişik?”
 


Rəsmilər isə peşəkar olmayan könüllü qruplarının yaratdığı nizamsızlığın yardım əməliyyatlarını çətinləşdirdiyini bildiriblər.

BMT xəbərdarlıq edib ki, təxminən 7 milyon insanın sığınacağa, təmiz içməli suya və tibbi yardıma ehtiyacı yarana bilər. Təşkilat qeyd edib ki, axtarış-xilasetmə mərhələsi tədricən bərpa işləri ilə əvəz olunduqca ölənlərin sayının artacağı ehtimalı yüksəkdir.
 


Mütəxəssislərin sözlərinə görə, dağıntılar altında sağ qalanların tapılması üçün ən mühüm hesab olunan 72 saat bazar günü başa çatır. Buna görə də xilasedicilər fasiləsiz işləyərək mümkün qədər çox insanı xilas etməyə çalışırlar.

Aydın
--> -->