Dünya 16:24 18.05.2023

Macarıstan - Ukrayna münasibətləti “soyuq savaş” müstəvisində (ŞƏRH)

"Macarıstan rəhbəri ölkəsinin milli maraqlarını müdafiə edir. Viktor Orbanı ilk növbədə öz seçicisi maraqlandırır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Macarıstanla Ukrayna arasında gərginliyin artması fonunda Budapeştin Kiyevə münasibətdə üzv olduğu Avropa İttifaqı ilə müqayisədə dəfələrlə fərqli mövqe sərgiləməsinə münasibət bildirərkən deyib:
 
Onun fikrincə, Macarıstanın baş naziri Viktor Orbanı Avropa liderlərinin rəyi yox, seçicinin fikri maraqlandırır:


 
"Macarıstana ucuz qaz, neft lazımdır. Onu da Ukrayna ərazisindən keçməklə Rusiyadan alır. Orbanın fikrincə, Kiyev neft və qazın Macarıstana tranzitinə mane olmamalıdır. Digər tərəfdən, Ukrayna ərazisində macarlar yaşayır. Ukraynadakı millətçilər onların milli-mədəni hüquqlarına hörmət etmir. Millətçilər tək ruslara qarşı deyil, bütün azlıqların dillərinə qarşı çıxırlar. Bu isə Orbana imkana verir ki, özünü macar azlığın hüquqlarının və Macarıstanın iqtisadi maraqlarının müdafiəçisi kimi təqdim etməklə seçicilərin gözündə xal qazansın. 

Tərəzinin bir gözündə ukraynalıların hüquqları, Ukraynanın Rusiya üzərində qələbəsi, digər gözündə isə qaz və neftin qiyməti, macar azlığın hüquqlarının müdafiəsini qoyub müqayisə edib, ikinciyə üstünlük verməklə Orban macar seçicisinin gözündə müsbət şəxsiyyət, bacarıqlı dövlət xadimi kimi canlanır. Avropa liderlərinin rəyi isə Orbanı maraqlandırmır. Onu öz seçicisi maraqlandırır”. 

Qeyd edək ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynanın Rusiya neftinin ölkəyə tədarük edildiyi "Dostluq” kəmərini partlatmaq niyyətinə görə Macarıstanın suverenliyini təhdid etdiyini bildirib. 

Rüfət Sultan