Nə o yelkən, nə bu gəmi
Qardaşxan Əzizxanlının "Nə o – yelkən, nə bu – gəmi” şeirlər kitabından təsirlənərək
Nə o yelkən, nə bu gəmi
Titrətməyəcəkdi dənizi
Ağlamasaydı sığınıb qayalıqlara.
Yol gözləyən bir uşaq
Daşınsaydı varlığının
İncə fikrindən,
Yer tapa bilməyəcəkdi
Bu həyatda.
Yolları daralacaq,
Cığırları keçilməyəcəkdi.
İçindəki bir kölgənin
Sonsuz fısıltısı idi bu.
Söküb ömründən o günləri,
Bir vaxt istəmsizcə gülüşünə
Hədiyyə edəcəkdi
Sən sus, qızım
Sən sus, qızım!
Sən gözəl susursan.
Sənin kölgən üzünü gizlədir
Mənim dilim
Saxta sözlərə "kaş ki!” deyir
O hünərli baxışlarının altında
Dünənlərdə gəzən sözlər gizlənib
Sən sus, qızım!
Sən gözəl susursan.
Sən təsadüflərə inananda
Mən artıq həyatında
Təfavüt idim.
Sən sus, qızım!
Sən gözəl susursan.
Dalğınlığına hiylə olur
Nəğmələrim
Bir kədərli fürsət olur
Sənə baxmağım,
Sənnən getməyim…
İnandığım zaman
Söyləyəcəm bu dəfə
Daşlarda susacaq qoxun,
Gəzəcəm bu dəfə
Üstünə basa- basa.
Liman səndən ayrılanda
Keçir indi inandığım zaman da
Dönməkmi geriyə,
Qürurun əl vermədiyi yerə?
Niyə dayanım ki, niyə?
Görmədinmi məgər
Yox olub gedirəm?
Üzünü dönəsən mənə
Bir baxasan hardayam…
Köməy et mənə, kömək,
Çıxım bu əlvidadan
Çox amansızdır insanlar.
Gedə bilsəm, qaçıb gedərəm,
Amma buraxmır olacaqlar
Arxamca sürünə- sürünə gəlir
Maviyə boyanan dəniz kimi,
Qırmızıya boyanan şərab kimi
Zəhraxanım Məmmədli
Xəzər Universiteti
İqtisadiyyat və menecment fakültəsi
Turizm işinin təşkili ixtisası
3-cü kurs
Şərhlər