ABŞ prezidenti Donald Tramp bəyan edib ki, "Coca-Cola” şirkəti ilə danışıqlar apararaq içkinin Amerika bazarı üçün reseptinin dəyişdirilməsinə nail olub. Trampın sözlərinə görə, şirkət ABŞ-da istehsal edilən kola içkilərində əsl qamış şəkərindən istifadə etməyə razılıq verib.
"Mən Coca-Cola ilə ABŞ-da istehsal olunan kolada ƏSL qamış şəkərinin istifadəsi imkanını müzakirə etdim və onlar razılaşdılar. Bu, onların tərəfdən çox düzgün qərar olacaq – görərsiniz. Belə daha yaxşı olacaq”, – deyə Tramp sosial şəbəkədə yazıb.
Qaynarinfo xəbər verir ki, "The New York Times” isə "Coca-Cola” şirkətinin hələlik Trampın bəyanatını dəqiq şəkildə təsdiqləmədiyini
yazıb.
Şirkətin sözçüsü Mişel Agnyu bildirib:
"Prezident Trampın "Coca-Cola” brendinə olan entuziazmını yüksək qiymətləndiririk. "Coca-Cola” məhsullarımızın çeşidindəki yeni innovativ təkliflər barədə ətraflı məlumat yaxın vaxtlarda təqdim ediləcək”.
Hazırda "Coca-Cola” ABŞ bazarında istehsal etdiyi içkilərdə əsasən yüksək fruktoza tərkibli qarğıdalı siropundan istifadə edir. Şirkət bu inqrediyenti 1980-ci ildən etibarən, şəkərin bahalaşmasını kompensasiya etmək məqsədilə reseptə daxil edib.
Vaxtilə ABŞ-ın səhiyyə naziri olmuş Robert F. Kennedi kiçik bu maddənin əhaliyə təsirindən narahatlığını ifadə etmişdi. O, bu siropun ABŞ-da piylənmə epidemiyasının əsas səbəblərindən biri olduğunu demişdi.
Maraqlıdır ki, Donald Tramp özü dietik kolanı müntəzəm olaraq içir. Bu içkiyə isə aspardam adlı süni şirinləşdirici əlavə olunur. Tramp daha əvvəl "Fox News”a müsahibəsində OVAL kabinetində onun üçün kola gətirilməsini təmin edən xüsusi düymənin olduğunu demişdi.
Bu ilin əvvəlində "Coca-Cola” şirkəti Belçikadakı zavodunda istehsal edilmiş içkilərin bir partiyasını geri çağırmışdı. Səbəb həmin partiyada xlorat adlı maddənin normadan artıq səviyyədə aşkarlanması idi. Bu kimyəvi maddə xüsusilə uşaqlarda qalxanabənzər vəzin fəaliyyətinə müdaxilə edərək ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Geri çağırılan partiyaya "Coca-Cola”, "Fanta”, "Sprite”, "Minute Maid” və "Fuze Tea” içkiləri daxil idi. Bu partiyanın əsas hissəsi Belçika, Lüksemburq və Niderland mağazalarına düşmüşdü. Kiçik hissəsi isə Fransa, Almaniya və Böyük Britaniya bazarlarına da daxil olmuşdu.
Alpər
Şərhlər