Xəbər lenti

Yusif Səmədoğlunun qızı:
Sənət 18:13 29.12.2021

Yusif Səmədoğlunun qızı: "Nəsil şəcərəmiz atamla əmimdə dayandı"

"Varislər"in bugünkü qonağı unudulmaz insan, Azərbaycanın Xalq yazıçısı, ssenarist, gözəl ziyalı, əziz dost, Milli Azadlıq hərəkatının öncüllərindən biri, böyük Səməd Vurğun ocağının yadigarı Yusif Səmədoğlunun qızı Mehriban xanım Ziyadova-Vəkilovadır.
 
1935-ci ilin 25 dekabr günü böyük Səməd Vurğunun ailəsində dünyaya gəlmişdi. 1953-cü ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna daxil olmuş, dördüncü kursu bitirdikdən sonra təhsilini ADU-nun Filologiya fakültəsində davam etdirmişdi.

Onun həyatı həm ədəbi, həm də ictimai-siyasi mübarizələrin içində keçdi. Azərbaycan ədəbiyyatında öz dəst-xətti, üslubu və nəfəsi ilə seçilən qələm adamı kimi tarixə düşdü. O, az yazan, amma hər yazısı ilə təzə söz deyə bilən sənətkar idi. Hekayələri, ssenariləri, romanları bu gün də xatırlanan, sevilən unudulmaz, doğma Yusif Səmədoğlu. Və bu gün "Varislər"də Yusif Səmədoğlu günüdür.   

Yenə doğma ocaqda - böyük Səməd Vurğunun ev-muzeyində görüşürük. Mənə elə gəlir ki, artıq bu evin daimi qonaqlarından biriyəm. Muzeyin direktoru, əziz Nüşabə xanımın xoş rəftarı, maraqlı söhbətləri adamı maqnit kimi bu məkana çəkir. Buna görə Nüşabə xanıma təşəkkür edirəm.  

- Mehriban xanım, Yusif Səmədoğlu Səməd Vurğunun böyük övladıdır. Mən dəfələrlə Yusif müəllimi görmüşdüm, söhbət eləmişdik. Onun yüksək mədəniyyəti, ziyalı davranışı, intellekti, istedadı hər zaman eşqlə, sevgiylə xatırlanır. Yaradıcılığından danışacağıq, amma gəlin eşqdən başlayaq. Yusif Səmədoğlu necə aşiq olmuşdu, necə sevmişdi? Harda görmüşdü Nəmidə xanımını?

İldırım sürətli eşq

- Anamın anası qazaxlı, atası dağlıdır. Bu ailə nənəm Xavər xanımın ailəsi ilə yaxın olub. 1958-ci ildə böyük xalamın toyu olanda, o vaxt babam, yəni Səməd Vurğun artıq dünyasını dəyişmişdi, Xavər xanım yas saxlayırdı. Qohumlar onun başını qatmaq, fikrini dağıtmaq üçün bəhanə axtarırdılar və onu toya dəvət etmişdilər. O vaxt toylar evlərdə keçirdi. Xavər xanım təkidlə atamı da özüylə toya aparmağa razı salıb. Atam toyda anamı görüb və belə deyək də, bir könüldən min könülə aşiq olub. Bir həftədən sonra elçi gediblər. Anam atamdan iki yaş kiçikdir. İki ilə yaxın nişanlı qalıblar, sonra ailə qurublar. 

- Buna deyirlər ildırım sürətli eşq! Bu eşqi sona qədər qoruyub saxlaya bildilərmi?

- Əlbəttə! Sizə bir söz deyim. Bax, əmim Vaqif Səmədoğlu, atam, onlar mənim yaddaşımda əbədi yaşayan adamlardır. Qətiyyətlə deyirəm, Nüşabə xanım da buradadır və yəqin, təsdiq eləyər. Vaqif Səmədoğlunun, Yusif Səmədoğlunun yanında qadın olmaq gözəl idi. Xoşbəxtlik idi. Onlar qadına dəyər verirdilər. Atam hərəkətləri, davranışı ilə öz eşqini büruzə verə bilirdi. Çox alicənab idi. Artıq 23 ildir həyatda yoxdur, biz onu itirəndə bu itki anam üçün çox böyük zərbə oldu və hələ də bu itkiylə barışa bilmir. Anam deyir ki, Yusif dünyadan köçən gün mənim də həyatım dayandı.

- Bəs Yusif bəy bu sevgini sizə - qızlarına da göstərə bilirdimi? Məncə, Yusif Səmədoğlunun qızı olmaq da gözəldir.  

- Ümumiyyətlə, hər bir övlad üçün valideyn əvəzsizdir. Humaya anam deyirdi. Məni də evdə hamı elə uşaqlıqdan Mimi çağırırdı. Əlbəttə, başa düşürəm, atam da, əmim də istəyirdi ki, Səməd Vurğun nəslinin davamçısı olsun. Təbii ki, oğlan istəyirdilər. Heç bibimiz Aybəniz xanımın da oğlu olmadı. Vaqif əminin də oğlu olmadı. Yəni nəsil şəcərəsi atamla əmimdə dayandı. Soyad dəyişdi. Mən dünyaya gələndə tibb bacısı tələsik cumub aşağı atamı muştuluqlayıb, səhvən deyib ki, Yusif müəllim, təbrik eləyirəm, oğlunuz olub. Amma indiki kimi xatırlayıram, artıq xəstə idi, yatırdı. Həkim gəldi, müayinə elədi, nəsə oğlan söhbəti düşdü. Atam həkimə dedi ki, bu iki qızı görürsüz, mən onları yüz oğula dəyişmərəm. 

- Mehriban xanım, siz gözünüzü ədəbiyyat adamının evində açmısınız. Siz bilirsiniz ədəbiyyat nədir, mətn nədir. Sizdən qızı kimi yox, oxucusu kimi soruşuram, Yusif Səmədoğlu necə yazıçıdır?

"Yusif Səmədoğlu mürəkkəb yazıçıdır"

- Ağlıma ilk gələn fikir budur: Yusif Səmədoğlu mürəkkəb yazıçıdır. Məncə, onun mətnini oxumaq hər kəs üçün asan, anlaşılan və əlçatan deyil. Bu, incəsənətin bütün sahələrində belədir. Bir var adi melodiyalar, adi rəsmlər, adi mətnlər, dinləyirsən, görürsən, oxuyursan, sənə qaranlıq heç nə qalmır. Bir də var o əsər səni düşündürür, sənə informasiya verir, sənə təsir edir. Atam oxucusunu düşündürən yazıçı idi. Sizə adi misal çəkim: atamın "Qətl günü" romanı çıxanda tələbəydim. Çoxu maraq göstərmədi ona. Amma çoxu da lap böyük maraq göstərdi. Elə hekayələri də eləydi. Hər oxucu sevmirdi onları, amma sevənlər nəyi sevdiklərini bilirdilər. Təəssüf, atam "Deyilənlər gəldi başa" romanını bitirə bilmədi.

Atam həyatdan zövq alırdı, həyatı sevirdi. Ümumiyyətlə, yaxşı nə varsa zövq ala bilirdi. Məncə, öz mətnlərindən də zövq alırdı. Amma bir mənfi xüsusiyyəti vardı - yaradıcı tənbəllik, bəlkə də çox yaza bilərdi. Bəlkə də məhz bu yaradıcı tənbəllik idi, o, uzun illər böyük əsər yazmadı. "Qətl günü"nü yazanda isə artıq oturuşmuş yazıçı idi. Ola bilsin, hekayələrilə özünü hazırlayırdı bu prosesə.

- Mənimçün ədəbiyyatın ən çətin janrı hekayədir. Qısa bir mətndə bitkin fikir vermək istedad tələb edir. İndi yerindən duran romanla başlayır...

- Götürək elə "Bayatı-Şiraz" hekayəsini. Neçə insanın xarakteri, insan faciəsi, cəmiyyətin mənzərəsi var o qısa mətndə. 

- Niyə yazıçı oldu? Səməd Vurğunun ailəsində doğulmasıyla artıq gələcək taleyinin hökmü verilmişdi, yoxsa...

- Əlbəttə, Səməd Vurğunun ailəsində doğulması əsas şərt idi. Mənə elə gəlir, atam heç vaxt başqa sahədə rahatlıq tapa bilməzdi. Tutaq ki, hər gün səhər saat 9-da işə gedib, 6-da işdən qayıda bilməzdi. O, azad adam idi, həm ruhən, həm də mənəvi cəhətdən. Ümumiyyətlə, yaradıcı adamlar elə azad olmalıdırlar. Məsələn, zavodda fəhlə sadəcə günün 8 saatını işləyir, amma yaradıcı adam cəmi 5-6 saat dincəlir. Hətta mən deyərdim, yatanda da işləyir. Çünki beyin daima obrazların, süjetlərin, yaradıcı prosesin xaosu altında olur.

- Ailədə onun yolunu davam eləyən oldumu?

- Mən yox, amma atam dünyasını dəyişəndən sonra Humay sarsıntıdan, itkinin təsirindən atama məktublar yazmağa başladı. Bir neçə şeir yazdı, sonra davam eləmədi. Atam orta məktəbdə oxuduğu vaxtlardan yazmağa başlayıb. O, orta məktəbi 8-ci sinfə qədər Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxuyub, sonra adi məktəbə keçmişdi.

Atam çox mütaliə edirdi. Özü də bir müəllifi əvvəldən sona qədər oxuyurdu. Bütün cildlərini. Tutaq ki, Dostoyevski - birinci cildindən başlayır, sonuncu cildinə qədər oxuyur, sonra başqa müəllifə keçirdi. Özü də ciddi oxuyurdu, qeydlər edərək oxuyurdu.

- Qəhrəmanlarını, mövzularını necə seçirdi? Məncə, hər yazıçı bu və ya digər şəkildə öz avtobioqrafiyası ətrafında ekskurs edir. Yazı prosesi necə idi?

Kibrit qutularına yazılan sözlər

- Deyim də necə işləyirdi. Amma buna qədər bu yaxınlarda bir rus yazıçısının müsahibəsini oxudum, ona münasibət bildirim, sonra. O yazıçı deyir ki, hər gün səhər saat 9-da ofisimə gedib, işləməyə, yəni yazmağa başlayıram. Bu mənə qəribə gəldi. Atam heç vaxt elə yaza bilməzdi. Məsələn, bir də görürdün, hardasa oturub söhbət elədiyi yerdə kibrit qutusu üstə nəsə qeyd etdi. Bir də görürdün, həftələrlə işləmir. Elə də olurdu üç gün dalbadal iş otağından çıxmırdı.       

- M.Qorki adına Ədəbiyyat İnstitutundan Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə keçməsinə səbəb nə oldu?

- Babam xəstələndi və dünyasını dəyişdi, Xavər xanım üçün ağır idi, istəyirdi bütün doğmaları yanında, gözünün qabağında olsun. Ona görə atam Moskvadan Bakıya oxumağa gəldi. Amma atamın Qorki adına Ədəbiyyat İnstitutunda oxumasında heç bir problem olmayıb. Qəbul vaxtı babam dəhlizdə gözləyirmiş, rektor çıxıb ona deyib ki, sizin oğlunuz bu instituta qəbul olunmağa deyil, artıq bu institutu bitirməyə layiqdir. Yəni çox hazırlıqlı olub və yəqin, sistemli mütaliə bunu formalaşdırıb.

- Yusif bəy müəyyən dövrdə kinostudiyada çalışdı, ssenarilər yazdı, redaktor oldu. Sonra bir müddət "Ulduz" və "Azərbaycan" jurnallarının baş redaktoru olmuşdu. Qələm adamları diqqət istəyirlər. Məşhur olmaq istəyirlər. O vaxt adıçəkilən jurnallarda çap olunmaq artıq məşhurluğun bir addımlığında olmaq idi. Hamı çap olunmaq istəyirdi, hamını çap eləmək olurdumu?

- Deyim də sizə. İstedadlı adam üçün çap olunmaq problem deyildi. Tutaq ki, bir tanış adam zəng vurub deyirdi, qızımın tələbə yoldaşı yaxşı şeir yazır, imkan varsa, onu çap eləyin. Atam deyirdi, bir-iki bəndini oxu. Oxuyurdu, xoşuna gəlsə, o dəqiqə deyirdi ki, sabah gətirsin redaksiyaya. Atam "Ulduz"da işlədiyi dövrdə gənclərə həmişə yol açıb və deyim ki, istedadlı gənci çap eləyəndə özü də zövq alırdı, sevinirdi. İnsanların xətrinə dəyməyi sevmirdi, xoşuna gəlməyən yazıları da elə yola verirdi ki, müəllif inciməsin. Çap eləyirəm deyib uzadırdı və axırda o söhbət unudulurdu.

- Ata kimi hansı nəsihəti, hansı sözü yaddaşınıza yazılıb? Onunla bağlı hansı xatirə, hansı görüş unudulmur hələ də?

- Onunla ünsiyyətdə olduğum həyatım büsbütün xatirədir. Deyim ki, gecə-gündüz nəsihət verirdi, yox. Onun varlığı hər şeyə bəs idi. Onun bizimlə olan həyatı xatirə idi. Biz onunla daha yaxın idik, nəinki anamızla. Biz onunla dost idik, sirdaş idik. Ana daha ciddiydi bizimlə, amma atayla məsləhətləşirdik. Müxtəlif mövzularda maraqlı söhbətlər eləyirdi. Məndə və bacımda kinoya, kitaba, həyata, heyvanlara sevgi oyatdığı üçün atama minnətdaram. Adam bilmir ki, valideynini nə vaxt itirəcək. İndi düşünürəm, onunla daha çox ünsiyyətdə olmalıydım. Cəmi 63 il yaşadı. Doymadıq, əlbəttə, doymadıq ondan. Lap yüz il də yaşasaydı yəqin, yenə doymazdıq.

Milli azadlıq hərəkatında

- Xalq hərəkatı başlayanda tanınmış ziyalıların xalqın içində olmasına ehtiyac vardı. Onların sözlərinə, vədlərinə, fikirlərinə, proqnozlarına ehtiyac vardı. Yusif bəy ilk günlərdən xalq hərəkatının içində oldu. Mitinqlərdə yüz minlərlə insanın qarşısında çıxışlar eləyirdi. Hansı zərurətdən qoşulmuşdu hərəkata?

- Bir dəfə danışmışdı bu barədə. O vaxt hərəkatda olan gənclərdən bir neçəsi iş yerinə gəlib ona öz fikirlərini demişdilər. Onların söhbəti atamın xoşuna gəlmişdi. Sonra həmin adamlar evə gəlməyə başladılar, evdə danışır, hadisələri müzakirə edirdilər. Sonra atam rəhmətlik İsmayıl Şıxlını da bu söhbətlərə cəlb elədi. Əlbəttə, xalqın etibar elədiyi ziyalılara ehtiyacı vardı. Qarabağ problemi, 20 Yanvar hadisəsi... atam bu hadisələri kənardan izləyəcək adam deyildi. Sonra Bəxtiyar Vahabzadəyə zəng vurub dedi ki, bu cavanlara kömək eləmək lazımdır. Bəxtiyar müəllim bir kəlmə dedi: Yusif, sənin olduğun yerdə mən ikiəlli varam. Oyanış dövrü idi. Biz o vaxta qədər Vətən anlayışını tamam başqa cür təsəvvür eləyirdik. Məhz o illərdə bizim Vətən anlayışımız konkretləşdi. Başa düşdük ki, Vətən SSRİ adlı saxta imperiya yox, sadəcə Azərbaycandır. Sonra bu hərəkat müstəqillik uğrunda mübarizəyə çevrildi və məncə, o dövrdə yaşamaq, qazanılmış bu müstəqilliyə az-çox töhfə vermək şərəfli idi. Amma müstəqillik qazanılandan sonra atam gördü ki, mübarizə formasını dəyişib, hakimiyyət davasına çevrilib, uzaqlaşdı onlardan. Xalq hərəkatını yaradanlardan biri atam, biri də əmin Vaqif Səmədoğlu olmuşdu. Atama müxtəlif yerlərdən zəng vurub onu bu işlərdən çəkindirmək istəyirdilər, deyirdilər axırı yaxşı olmayacaq. Amma indiki kimi yadımdadır, müstəqillik aktı qəbul ediləndə atam göz yaşını saxlaya bilmədi. 

- Yusif bəyin deputat seçkilərinə getməsi hansı zərurətdən yarandı? Məncə, Səməd Vurğunun oğlu olması bu məsələdə müəyyən rol oynamışdı. Səməd Vurğun bu xalqın yaddaşında əbədi iz qoymuş şəxsiyyətlərdən biridir və onun ailə üzvlərinə həm dövlətin, həm də xalqın sayqısı həmişə hiss olunub.

- Əlbəttə, Səməd Vurğunun oğlu olması rol oynamaya bilməzdi, amma artıq atam Yusif Səmədoğlu kimi özünü təsdiq eləyə bilmişdi. Ulu öndərimiz Heydər Əliyev əvəzsiz adam idi. O, üzdə olan ailələrə, onların üzvlərinə həmişə qayğı göstərib və bu gün də bu qayğı davam eləyir. O bilirdi kimə etibar eləmək olar, kimə iş tapşırmaq olar. Tutaq ki, atam xalq hərəkatının fəallarından olmuşdu, müstəqillik uğrunda mübarizədə iştirak eləmişdi. Azərbaycan müstəqil olandan sonra artıq onu qurmaq və qorumaq lazım idi. Atam ailə başçısı idi, ictimai nüfuzu vardı, uzun illər mətbuatda çalışmışdı, cəmiyyətdə hörməti vardı, imzası vardı və əlbəttə, parlamentdə belə adamlar təmsil olunmalıydılar. Seçicilər də birmənalı şəkildə belə adamların arxasınca gedirdilər. Təsəvvür eləyə bilərsiz ki, Qazaxdan atam, ya da Vaqif əmim seçilməsin? Qazaxda uşaqdan-böyüyə hamı Səməd Vurğunu büt bilir, onun ailəsinə hörmət eləyir. Qazaxda hansı evə getsəz, orda Səməd Vurğunun portretini görərsiniz.

1991-ci il seçkilərində nəticələr müzakirə olunanda atam Qazaxdan, əmim Bayıldan keçmişdi parlamentə. Demişdilər, bir ailədən iki nəfər parlamentdə olmaz, Vaqif  əmim kənarlaşmışdı.

- Yusif bəy Bakı aristokratiyasının ən məşhur simalarından biriydi. Davranışı, hərəkəti, rəftarı, zarafatı yerində olan, ölçülü-biçili adam idi. Belə adamla dostluq etmək gözəldir, amma hər adam o dostluq cərgəsinə girə bilməz. Kim idi onun ən yaxın dostları?

- Lap uşaqlıqdan yaddaşımda qalan simalar var - Anar, Maqsud İbrahimbəyov, Polad Bülbüloğlu, Elçin Əfəndiyev, İntiqam Qasımzadə. Bizə gəlirdilər, söhbət edirdilər. Anarla dostluğu sona qədər davam etdi və çox yaxın idilər, çox. Qardaş kimiydilər. Atam Anarı çox istəyirdi. Allah ömür versin Anar müəllimə. Elə əmim Vaqif Səmədoğlu da Anarı çox istəyirdi. Milli Məclisdə də yanaşı otururdular. Atam dünyasını dəyişəndə ən təsirli yazını da Anar yazmışdı.

- Xatırlayıram o yazını. Anar müəllimin Fikrət Qocanın ölümünə yazdığı yazı da məni kövrəltmişdi. Dost itkisi çox ağırdır, Allah adamı belə şeylə imtahana çəkməsin. 

Səməd Vurğun xatirələrdə, fotolarda həm də ovçu kimi qalmışdı. Yusif bəyin tüfəngi vardımı? Ova gedirdimi?  

- Yox, atam heç bir canlını incidə bilməzdi. Vaqif əmim sevirdi ovu, amma atam yox. Atam sevirdi heyvanları, evdə akvariumda balıq saxlayırdı, quş saxlayırdı, evdə iti vardı. Saatlarla oturub akvariumda balıqlara baxırdı.

"Komsomolun canı it canıymış"

- Kino yaddaşımızda "Yeddi oğul istərəm" kimi möhtəşəm bir film var və onun ssenarisini Yusif Səmədoğlu yazıb. Kinomatoqrafiyamızın ən dəyərli işlərindən biridir. Rejissor Tofiq Tağızadəyə şöhrət gətirən işdir. Filmdə bir yer var, Gəray bəy Cəlalı güllələyən epizodda deyir ki, "komsomolun canı it canıymış" və film komsomol mükafatına layiq görülür. Sovet dövründə Kommunist Partiyasının kiçik qardaşını belə təhqir eləmək çətin idi. Nə əcəb, senzura buraxmışdı onu?

- Xatırlamıram filmlə bağlı nəsə bir maneənin olub-olmadığını. Amma dediyiniz kimi, möhtəşəm filmdir. Yaşayan filmlərdəndir. Və çox qəribədir, nədənsə, həmişə Gəray bəy obrazına pərəstiş eləmişəm. Məncə, filmdə Gəray bəy müsbət obraz kimi verilib. Qoçaq adam, mərd. Sonda da öz xarakterini özünü güllələməklə qoyur ortalığa. Amma "Qətl günü" romanında problem olmuşdu. Atama şərt qoymuşdular ki, filan yerləri çıxart, filan yerləri dəyiş. Atam da demişdi ki, romanı yazdığım kimi çap eləməsəz, Almaniyaya mühacirət eləyəcəyəm. Niyə Almaniyaya, bilmirəm. Heç nə dəyişmədilər.

- Deputat kimi, ictimai xadim kimi, Yazıçılar Birliyinin katibi kimi müəyyən səlahiyyətləri, imkanları vardı. Dost-tanış, qohumlar, ümumiyyətlə, insanlar kömək üçün ağız açırdılarmı ona? Kömək edə bilirdimi kiməsə?

- Əlbəttə, çox müraciətlər olurdu və atam da imkanı daxilində əlindən gələni eləyirdi. Qohumları demək istəmirəm, çünki qazaxlılar, bilirsiniz də, yerlipərəst olurlar. Atam qohumlara çox kömək eləmişdi. Amma o, dünyasını dəyişəndən sonra xəbər tutduq, nə qədər kənar adama köməyi dəyibmiş. Tutaq ki, yasa bir qadın gəlib deyirdi ki, Yusif müəllim həyat yoldaşımın müalicəsinə kömək eləyib. Biri gəlirdi ki, oğlumu işə düzəldib. Bizə xoş gəlirdi...

- Hobbisi təkcə heyvanlar idi?

- Həm də fotoqrafiya. Amma mən buna hobbi deyə bilmərəm, o, peşəkar fotoqraf idi. İki-üç fotoaparatı asırdı boynundan, hərdən məni də götürürdü, gedirdik bulvara, şəkillər çəkməyə. Sonra mətbəxi laboratoriya eləyirdi. Pəncərəni tünd pərdəylə qapadır, qırmızı işıq yandırıb şəkilləri çıxarırdı. Sevirdi bu işi. Yaxşı geyinməyi sevirdi. Təsəvvür edirsiniz, evdən çıxıb işə gedəndə paltarlarını xüsusi seçib geyinirdi. Hətta belə bir lətifə də yaratmışdılar, bir dəfə Milli Məclisdə kimsə döş cibindən çıxmış dəsmalı ona göstərib deyib ki, Yusif bəy, pencəyinizin astarı çıxıb.

Almaniyadan özünə qəşəng jilet alıb gətirmişdi. Artıq xəstə idi. Sevirdi o jileti. Birdən nəsə oldu, dedi, "Allah qismət eləsin, o jileti geyib işə gedə bilim". Qismət olmadı amma.

- "Bayatı-Şiraz" hekayəsində Səbzəli tez-tez "lənət şeytana" deyib, səbr eləyirdi. Yusif müəllim necəydi, həyatda nəyə "lənət şeytana" deyə bilirdi?   

Atamın göz yaşları

- Çox həssas adam idi. Çox şeyi ürəyinə salırdı. Kiminsə konkret onu incitdiyini deyə bilmərəm, amma xalq hərəkatında atam diabet xəstəsi oldu. 20 Yanvar onu çox sarsıtmışdı. İlk dəfə atamı 20 Yanvarda göz yaşı axıdan görmüşəm.

- "Qətl günü" romanı birmənalı qarşılanmamışdı. Deyirdilər, Bulqakovun "Master və Marqarita"sına oxşadıb. Hətta Kot Begemot və Kirlikir obrazlarına qədər paralellər var romanda. Şair və Master. Ponti Pilat və Şah...

- Axı Bulqakov onun sevimli yazıçısıydı. Əlbəttə, "Master və Marqarita"nın təsiri çox olmuşdu atamın yaradıcılığına və xüsusilə də "Qətl günü"nə. Özü bunu etiraf eləyirdi. O, mürəkkəb yazıçıları oxumağı sevirdi. Məncə, bu, normal şeydir.

- Onun son işi "İncə dərəsində yaz çağı" hekayəsi oldu. Bu hekayə hansı ovqatdan yaranmışdı?

- Xatirələr. Qazax, rayon camaatı. Atam az yazırdı, düşünürəm, bəlkə də elə belə yaxşıdır. Az, amma keyfiyyətli yazmaq daha yaxşıdır.

- 1988-ci ilin yayında Azərbaycan xalqı çox böyük bir ziyalını, sevilən yazıçını, ictimai xadimi itirdi. Təbii ki, bu itki ən çox Yusif Səmədoğlunun ailəsinə təsir elədi.

- Nədənsə, atamda həmişə qorxu hissi var idi. Babam 50 yaşında xəstələnib dünyasını dəyişmişdi axı. Atam 51 yaşını qeyd eləyəndə dedi ki, artıq atamdan bir yaş böyüyəm. Bir dəfə təzə videokamera almışdıq, bacımın qızı Ayan təzə dünyaya gəlmişdi onda. Ailə içində müsahibə aldıq atamdan. Soruşduq arzun nədir, dedi: "Ayanın toyunu görmək istəyirəm". Amma mən o gün onun sözlərində qorxu hiss elədim, sanki əmin idi o günü görə bilməyəcək.

Atamın 60 illik yubileyi "Gülüstan" sarayında çox təntənəylə keçdi. Məclis dağılandan sonra ancaq yaxınlar, bir də bəzi dostları qalmışdı. Bu, videoda da var. Onda dedi ki, dəqiq bilirəm, cəmi üç il ömrüm qalıb. Elə də oldu.../ədəbiyyat.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->