Xəbər lenti

Bil Qeyts dünyanın milyarderlər siyahısından çıxacağına söz verdi
Dünya 22:53 14.07.2022

Bil Qeyts dünyanın milyarderlər siyahısından çıxacağına söz verdi

Milyarder Bill Qeyts yenidən öz sərvətini paylayacağını və dünyanın zənginlər siyahısından çıxacağını vəd edir. 

Qaynarinfo BBC saytına istinadən xəbər verir ki, o bu barədə öz Twitter səhifəsində yazıb.

Microsoft-un həmtəsisçisi xeyriyyə fonduna 20 milyard dollar ianə edəcəyini elan edib. Hazırda dünyanın dördüncü ən varlı adamı öz resurslarını cəmiyyətə qaytarmaq "öhdəliyi”nin olduğunu deyib.

Qeyts ilk dəfə 2010-cu ildə sərvətini bağışlamağa söz vermişdi, lakin o vaxtdan onun sərvəti iki dəfədən çox artıb. Forbes jurnalına görə, onun hazırda sərvəti 118 milyard dollardır.

Ancaq bu məbləğ, onun keçmiş həyat yoldaşı ilə birlikdə yaratdığı xeyriyyə fondu olan Bill və Melinda Qeyts Fonduna verəcəyi ianədən sonra əhəmiyyətli dərəcədə azalacaq.

Qeyts Twitter səhifəsində pandemiya, Ukrayna və iqlim böhranı da daxil olmaqla son "qlobal böhranlar" səbəbindən fondun xərclərini ildə 6 milyard dollardan 2026-cı ilə qədər 9 milyard dollara qədər artıracağını deyib.

"Gələcəyə baxdıqca, sərvətimin, demək olar ki, hamısını fonda verməyi planlaşdırıram. Mən dünyanın ən varlı adamları siyahısından aşağı düşəcəyəm və nəhayət, çıxacağam”,- Bil Qeyts yazıb.

Qeyts digər milyarderləri də sərvətləri ilə bağlı eyni addımı atmağa səsləyib.

"Resurslarımı əzabların azaldılmasına və həyatın yaxşılaşdırılmasına ən böyük təsir göstərəcək şəkildə cəmiyyətə qaytarmaq öhdəliyim var. Və ümid edirəm ki, digər böyük sərvət və imtiyaz sahibi olanlar da bu dəqiqə bir addım atacaqlar”,- deyə o bildirib. 

Qeyts Fondu müxtəlif ölkələrdə malyariya kimi xəstəliklərin kökünü kəsmək, təhsili yaxşılaşdırmaq və acınacaqlı sanitariya ilə mübarizə aparmaq üçün işləyir. Fond 2020-ci ildə dünyanın ikinci ən böyük xeyriyyə fondu hesab edilib, 49,8 milyard dollar sərvətə sahibdir və milyarder investor Varren Baffett kimi digər zəngin xeyriyyəçilər tərəfindən də dəstəklənir.

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->