Xəbər lenti

Orban vetosunu niyə geri çəkdi? (ŞƏRH)
Dünya 19:14 02.02.2024

Orban vetosunu niyə geri çəkdi? (ŞƏRH)

"Orban kimdir ki, atılıb-düşməklə nəyəsə nail olsun. Avropa İttifaqının taleyini 3-4 dövlət həll edir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Macarıstan baş naziri Viktor Orbanın Avropa İttifaqının Ukraynaya 50 milyard avroluq yardımına müsbət cavab verməsinə münasibət bildirərkən deyib.

"50 milyard avronu verən Orban deyil, Avropa İttifaqının aparıcı dövlətləridir. Ona görə də Orbanın atılıb-düşməsinin heç bir nəticəsi yoxdur və gördüyümüz kimi olmadı da. Macarıstanın baş naziri sadəcə ölkəsi üçün də yardım göstərilməsini istədi ki, onun da arzusunu həyata keçirdilər. Orban kimdir ki, belə hay-küylərlə nəyəsə nail olsun? Avropa İttifaqının taleyini həll edən 3-4 dövlət var. Macarıstan onların arasında yoxdur", deyə Qabil Hüseynli bildirib.
 


Politoloq qeyd edib ki, yaranmış vəziyyət Ukrayna üçün müsbət proseslərin əsasını qoya bilər:

"50 milyard avro böyük puldur. Almaniya da öz büdcəsindən Ukraynaya 17 milyard avro yardım göstərəcək. Bundan əlavə, "Leopard" tanklarının son modelini, 20-yə yaxın helikopter də göndərəcək. Bir sözlə, Avropa hərəkətə keçib. Qitənin hər bir dövləti müharibə bitənə qədər Kiyevə yardım göstərməyi üzərinə götürüb. ABŞ-ın Ukraynaya yardımı məsələsində də konsensus əldə olunub. Respublikaçılarla Demokratlar artıq razılığa gəlib. Ukrayna üçün nəzərdə tutulan 60 milyardlıq yardım Kiyevə veriləcək. Beləliklə də, Ukraynanın maliyyə cəhətdən təmin edilməsində böyük perspektivlər açılır. İndi əsas məsələ Ukrayna Ordusunun yenidən rus ordusuna qarşı qoyulmasıdır". 

Qeyd edək ki, Macarıstan baş naziri Viktor Orban Avropa İttifaqının Ukraynaya 50 milyard avroluq yardımına nəhayət razılıq verib. Əvəzində, Avropa İttifaqı Budapeştə də bəzi yardımlar edəcək. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->