Xəbər lenti

Paşinyan Türkiyə səfərindən nəyə nail ola bilər? (ŞƏRH)
Dünya 13:00 20.06.2025

Paşinyan Türkiyə səfərindən nəyə nail ola bilər? (ŞƏRH)

"Paşinyan bu səfərilə Türkiyə ilə Ermənistan arasında sərhəd keçid məntəqələrinin yaradılmasına nail ola bilər". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyəyə səfərini şərh edərkən deyib. 

"Paşinyan Türkiyə ilə münasibətləri möhkəmləndirmək niyyətindədir. Bu münasibətlər əslində indi elə də pis deyil. Hər iki tərəfdən təyin edilən nümayəndələr danışıqlar aparır. Bu danışıqların Azərbaycanla bağlı hissəsi arzu edilən nəticəni vermir", deyə Qabil Hüseynli bildirib.
 


Ekspert qeyd edib ki, Paşinyan Azərbaycan faktoru olmadan Türkiyə ilə yaxınlaşmaq istiqamətində müəyyən addımlar atmaq istəyir:

"Bu, Türkiyə ilə Ermənistan arasında hava sərhədlərinin açılması, quru sərhədlərində sərhəd buraxılış məntəqələrinin yaradılması və bir sıra daha uzağa gedən məsələlər ola bilər. Lakin birmənalı şəkildə bəllidir ki, Azərbaycanla sülh müqaviləsi bağlanmadan Ermənistanın bu istəkləri mümkün olmayacaq".

Həmsöhbətimizə görə, hər halda Paşinyan sərhəd-keçid məntəqələrinin yaradılmasına nail ola bilər. 

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Türkiyəyə işgüzar səfərə yollanıb. Bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkədə yazıb: "Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfərə gedib. İstanbul beynəlxalq hava limanında baş naziri Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekinci qarşılayıb".

Onun səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi gözlənilir. Görüş çərçivəsində ikitərəfli əlaqələrin və Azərbaycan-Ermənistan münasibətlərinin müzakirə ediləcəyi deyilir.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->