Xəbər lenti

Dünya 14:31 10.10.2024

"Trampın bu addımı Harris qarşısında aciz olduğunun etirafıdır" - Politoloq

"Növbəti debatda iştirakdan imtina etməsi əslində Trampın Harris qarşısında aciz olduğunun etirafıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli ABŞ prezidentliyinə Respublikaçı namizəd Donald Trampın Demokratların namizədi, hazırkı vitse-prezident Kamala Harrislə növbəti debata çıxmaqdan imtina etməsini şərh edərkən deyib.

Qabil Hüseynli bildirib ki, Harrislə Tramp arasında sentyabrda keçirilən birinci debatda demokratların namizədinin açıq-aydın üstünlüyə malik olduğu üzə çıxıb:

"Bu debatda Harris Trampı məğlub etdi. Görünür ki, məhz birinci debatdakı uğursuzluq fonunda Tramp növbəti debatlara çıxmaqdan çəkinir. O, bu fonda məhz ikinci debata çıxıb növbəti məğlubiyyətlə üzləşməkdən çəkindiyinə görə, debatlardan yayınmağa üstünlük verib. Belə ki, ikinci debatda alacağı növbəti məğlubiyyət Trampın Harrislə müqayisədə seçicilər arasında nüfuzunun aşağı olduğu obrazını yaradacaq. Bu da Trampı qorxudub. Ona görə də debatlarda iştirak etməməyə üstünlük verib. Əslində, debatda iştirakdan imtina etməsi Trampın Harris qarşısında aciz olduğunun etirafıdır".
 

 
Bu əsasda həmsöhbətimizə görə, noyabrda olacaq seçkilərdə kimin qalib gələcəyini demək olar ki, indidən proqnoz etmək olar:

"Prosesin gedişində hər hansı bir yeni hadisə baş verməsə, mövcud vəziyyətdə Kamala Harrisin qalib gəlmə şansları daha yüksəkdir".

Qeyd edək ki, ABŞ-ın keçmiş başçısı və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hazırkı vitse-prezident Kamala Harrislə yeni debatda iştirakdan imtina edib. Bu barədə siyasətçi "Truth" sosial şəbəkəsindəki səhifəsində yazıb. 

Onun sözlərinə  görə, debat keçirmək üçün artıq gecdir: "Proses artıq həddən artıq uzağa gedib, səsvermə başlayıb, revanş olmayacaq!".

Xatırladaq ki, Harrislə Tramp  arasında ilk debat sentyabrın 10-da olub. Bu debatdan sonra keçirilən rəy sorğularında isə Harrisin Trampı bir neçə bənd üstələdiyi üzə çıxıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->