"Wikipedia" ensiklopediyasını idarə edən qeyri-kommersiya təşkilatı "Wikimedia Foundation" süni intellektin iştirakı ilə başlatdığı məqalə xülasələrinin yaradılması eksperimentini cəmi iki gün ərzində - 2 iyunda başladıb, 4 iyunda isə dayandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "404 Media" nəşri məlumat yayıb.
Məqsəd - AI tərəfindən yaradılmış qısa xülasələr vasitəsilə mürəkkəb məqalələri daha geniş auditoriyaya çatdırmaq və fərqli hazırlıq səviyyəsində olan oxucular üçün materialları əlçatan etmək olub. Bu prosesdə "Cohere" şirkətinin "Aya" modeli istifadə olunub.
"Wikimedia Foundation" nümayəndəsi bildirib ki, əsas niyyət süni intellektin potensialından istifadə edərək məqalələrin öyrədici dəyərini artırmaq və eyni zamanda, insanlar tərəfindən aparılan məzmun nəzarətinin saxlanmasını təmin etmək olub. Lakin "Wikipedia" redaktorlarının etirazları səbəbindən eksperiment təxirə salınıb.
"Biz daim könüllülərdən müxtəlif fikirlər alırıq və bu rəy əsasında bəzən qərarlarımızı dəyişirik. Belə düşünülmüş geribildirimlər bizi daha yaxşı qərarlar almağa vadar edir və "Wikipedia"nı ümumbəşəri biliklərin platformasına çevirən əsas amillərdəndir", deyə təşkilatın nümayəndəsi açıqlamasında vurğulayıb.
O həmçinin etiraf edib ki, ideya daha əvvəl - bir neçə ay əvvəl - "Wikipedia"nın texniki forumunda (Village Pump Technical) müzakirəyə çıxarılmalı idi. Bu çatışmazlıq eksperimentin icrası zamanı yaranan narazılıqların əsas səbəblərindən biri olub.
"Wikimedia" rəsmisi əlavə edib ki, internetdən istifadə formaları dəyişdiyinə görə, təşkilat gələcək nəsilləri maarifləndirmək üçün yeni və təhlükəsiz yollar axtarmağa davam edir, lakin bu yanaşmalar həm oxucuların, həm də icmanın maraqlarına uyğun olmalıdır.
Aydın
Şərhlər