Xəbər lenti

Arif Əsədov bu gün avrokuboklarda oynayacaq klublarımızın şanslarını dəyərləndirdi
İdman 16:50 17.08.2023

Arif Əsədov bu gün avrokuboklarda oynayacaq klublarımızın şanslarını dəyərləndirdi

Bu gün Azərbaycan təmsilçiləri avrokuboklarda növbəti matçlarına çıxacaq. "Qarabağ” səfərdə Finlandiya təmsilçisi HJK ilə cavab matçına çıxacaqsa, "Neftçi” "Beşiktaş”ın, "Sabah” isə Bakıda məğlub etdiyi Serbiya "Partizan”ının qonağı olacaq. 

Azərbaycanın tanınmış mütəxəssislərindən olan, hazırda millimizdə məşqçi köməkçisi kimi fəaliyyət göstərən Arif Əsədov Qaynarinfo-ya açıqlamasında klublarımızın şanslarını dəyərləndirib, onların çıxışını təhlil edib:

"İlk oyundakı qələbə, fikrimcə, "Qarabağ”ı ondan öncə məğlubiyyətdən sonra yaranan psixoloji gərginlikdən çıxardı. Şanslarını yüksək qiymətləndirirəm. Göstərdilər ki, yaxşı komandadır, xüsusilə hücumda təhlükə yarada bilirlər. Çətin oyun gözləyir, məncə, "Qarabağ” bu tipli situasiyalardan həmişə üzüağ çıxıb. Bu dəfə də elə olacağına inanıram. İki klubu bir tərəziyə qoysaq, "Qarabağ” qruplarda daha stabil çıxış edir və təcrübəyə malikdir.
"Sabah”a gəlincə, ilk oyundan əvvəl hamı "Partizan”a üstünlük verirdi. Statistikaya nəzər salsaq, təcrübə və reytinq baxımından serblər daha üstündür. "Sabah”ın evdəki oyunu bizi ümidləndirdi. Amma məncə, arxayınlaşmaq olmaz. "Partizan” çox təhlükəlidir, xüsusən də öz azarkeşləri qarşısında, reytinqli komandalara qarşı oyunlarda belə situasiyalardan çıxıblar. Evdə ruh, azarkeş dəstəyi hesabına növbəti mərhələlərə adlayıblar. "Sabah” ehtiyatlı oynamalı, Bakıdakı oyunda olduğundan daha çox güc sərf etməlidir.
 
Məncə, ən çətin vəziyyət "Neftçi”dədir. "Beşiktaş” məsələni 70-80 faiz həll edib. Evdə oynayacaqlar, "Neftçi” qarşısında üstünlükləri çoxdur. Həm səviyyə, həm maliyyə baxımından üstündürlər. Üstəlik iki heyətləri var, rotasiya edə bilirlər. Amma "Neftçi” çətinliklərlə üzləşir. Heyət baxımından qıtlıq var, həm də çempionatda vacib xallar qazanmalıdırlar. Oyunun əvvəlində "Neftçi” qol vursa, bəlkə də hansısa şansları olacaq. Əks halda, məncə, artıq çempionatı düşünməlidirlər”.

"Neftçi”dəki dəyişikliklərdən hiss olunurdu ki, komanda gələn mövsüm üçün hazırlaşır. Bəs Əsədovun fikirləri necədir:

"Hazırlıq dönəmini analiz etsək, görərik ki, "Neftçi”nin strategiyası bu gün üçün uğur qazanmağa hesablanmayıb. Baxın, əvvəlki baş məşqçi çıxarıldı və "Neftçi” Sankt-Peterburqa yeni məşqçi təyin olunmadan yollandı. Yəni, təməl qoyulan vaxt, baş məşqçi yox idi, komanda Rusiyaya köməkçilər İqor Getmanla, Vadar Nuriyevin rəhbərliyi altında getdi. Səhv etmirəmsə, indi onlar da komandada yoxdur. Pərakəndə hazırlıq keçdilər, transferlər edilməmişdi. "Jelezniçar”ı da yeni məşqçinin gəlişindən sonra yaranan ruh yüksəkliyi sayəsində keçdilər. Amma reallıq var, iki cəbhədə vuruşmaq üçün, taktiki-texniki və fiziki cəhətdən hazır olmalısan. Bu səbəbdən əziyyət çəkirlər, məşqçini də qınamalı deyil. Çempionatda "Səbail”lə oyunda göründü ki, komanda 60-cı dəqiqədən sonra "oturub”. Oyunun sonlarına yaxın "Səbail”in əks hücumları daha kəsərli alınırdı. Fiziki cəhətdən tam hazır deyildilər”.

Mütəxəssis bir vaxtlar futbolçu kimi formasını geyindiyi klubun transfer siyasəti haqda da danışdı:

"Sağ cinahda Ervin Koffi var. Əslində, həmin mövqe üçün "Neftçi”yə vacib olan bir futbolçudur. Baxmayaraq ki, keyfiyyətlərini hələ tam görməmişik. Gələndən zədə üzündən tam oynamayıb. ÇSKA-dan gələn taran tipli hücumçularının isə keyfiyyətləri görünür. "Neftçi”yə kömək edə bilər. Amma ona kömək etmək üçün aktiv vingerlər olmalıdır. Kənardan asmalar olmalıdır ki, o da güclü keyfiyyətlərindən, məsələn, başından istifadə etsin. O, bundan asılı futbolçudur. Elə futbolçu deyil ki, topu götürüb, təkbaşına nəsə etsin. Baş məşqçi yəqin ki, yenə transferlər edəcək. Şinyaşikinin karyerasına baxanda, pis komandalarda oynamadığı görünür. Yəqin ki, ya fiziki durumu o səviyyədə deyil, ya da özünü "tuta” bilməyib. Sual doğurur. Qaranı tanıyırıq, keyfiyyətlərinə bələdik. Mənə elə gəlir "Neftçi”yə yeni futbolçular lazımdır. 3-4 transfer olunmalıdır ki, "Beşiktaş”ı keçə bilməsələr belə, Azərbaycan çempionatı və kubok oyunlarına hazır olsunlar. Heyət geniş olmalıdır”.

Sabiq müdafiəçi, Mutunun oyun fəlsəfəsi haqda düşüncələrini də bölüşdü:

"Müəyyən üslubunun olduğu görünür. Çılğın, aqressiv, istəkli məşqçidir. Komandaya qələbə ruhunu aşılamaq istəyir, məğlubiyyəti xoşlamır. O aqressivlik komandaya keçə bilər. Ancaq hələ keyfiyyətli oyun baxımından nəsə demək çətindir. Stabil heyət də yoxdur. Baxırsan ki, rotasiyalar edilir. Belədə çox çətindir. Zamana ehtiyac var. Mutunu Regekampfla müqayisə etmək çətindir. Biri sakit, digəri çılğın. Regekampf daha səbrlidir. Mutu isə istəkli və aqressivdir. Mutunu yanvardan sonra qiymətləndirə bilərik. Bəlkə milli komandalarla bağlı fasilədən sonra heyəti formalaşdırmaq imkanı olacaq”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->