İdman 15:17 10.12.2022

Arif Əsədov: “Futbol yerdə deyil, göydə gedir”

Azərbaycan Premyer Liqasında qış fasiləsi yaxınlaşır. Artıq bəzi klublar fasilə planlarını cızmağa başlayarkən, son bir neçə turda maraqlı nəticələr qeydə alınıb. Xüsusən də "Neftçi”nin durumu, klubdakı dəyişikliklər, "Qarabağ”a məğlubiyyət diqqət mərkəzindədir. Bundan başqa yığma məşqçiləri çempionatı izləyir, yeni adlar kəşf etməyə çalışırlar. 

Millimizin məşqçisi Arif Əsədov həm Azərbaycan Premyer Liqasının qış fasiləsinə qədər olan hissəsini dəyərləndirib, həm də izlədiyi oyunlarda gəldiyi nəticələrdən danışıb. Bununla yanaşı, mütəxəssis bir neçə gün öncə AFFA-nın 30 illiyinə həsr olunmuş veteran futbolçular arasında keçirilən yoldaşlıq matçında iştirakından, o cümlədən Azərbaycan futbolunun bugünkü durumundan da danışıb.

- Azərbaycan Premyer Liqasında qış fasiləsi yaxınlaşır. Oyunları izləyirsiniz, hansı nəticələrə gəlmisiniz?

- Oyunların demək olar hamısını izləyirik. Çalışırıq ki, heç birini buraxmayaq. Baş məşqçi də burdadır. Bütün oyunlarda iştirak edirik. Futbolçuların durumu ilə bağlı konkret nəsə demək olmur. Bəziləri millidən qayıdandan sonra öz klublarında mütəmadi əsas heyətdə oynamır. Yeni adlara baxırıq, hansı futbolçu özünü yaxşı tərəfdən göstərsə, millinin qapıları onun üçün həmişə açıqdır. Son turlardır. Futbolçuların bəziləri, xüsusən də əcnəbilər "çamadan əhval-ruhiyyəsi”ndədirlər. İstəyirlər ki, fasilə başlasın və çıxıb getsinlər. Bu dönəm klublarda həmişə belə olur. Futbolçular dincəlmək istəyirlər. Ən çox oynayanlar da "Qarabağ”ın futbolçularıdır. İyun-iyul aylarından başlayaraq mütəmadi olaraq məşqlərdə, oyunlarda iştirak edirlər və yorğunluq var. Fasiləyə çıxmaq mütləqdir. Çempionat oyunlarına gəldikdə, sürpriz nəticələr gözlənilir. "Qarabağ”ı çıxmaq şərtilə, demək olar bütün komandalar sürpriz nəticələrə imza atır. Tutaq ki, autsayder gəlir, lider komandalardan xal götürə bilir. Buna həm qeyri-sabitlik demək olar, həm də "Qarabağ”dan başqa digər klublar arasında elə böyük fərq yoxdur. Kiməsə deyə bilməzsən ki, meydana çıxacaq və mütləq qalib gələcək. Məsələn, dünən keçirilən "Səbail” - "Sabah” matçını göstərmək olar. Düzdür, kubok matçıdır. "Səbail” hesabda 0:3 irəlidə idi. Sonradan iki qol buraxdılar. Bundan əvvəl "Şamaxı” "Sabah”dan xal almışdı. "Neftçi” uduzdu. Belə qeyri-sabitlik var.

- "Neftçi”nin durumunu necə dəyərləndirərdiniz? Kənardan nə görünür?

- "Neftçi”də aşkar futbolçu qıtlığı görünür. Rəqabət yoxdur, oyunlar ancaq bir neçə futbolçu üzərində qurulur. Hal-hazırda baş məşqçini də qınamalı deyil. Onun yerinə kim olsa, eyni duruma düşəcək. Əlində ehtiyat qüvvələri yoxdur. Təbii ki, gənclərə şans vermək yaxşı haldır. Amma "Neftçi” kimi komandada gənclər bu qədər böyük kütlə şəklində olmamalıdır. Oyuna baxırdıq, ehtiyat qüvvə kimi ən azı 6-7 gənc futbolçu var. Yenə deyirəm, gənclərin olması yaxşı haldır. Amma belə oyunlarda daim nəsə düşünə bilmək üçün əlində "material” olmalıdır. Məncə, ən böyük problem budur. Rəqabətsizlik lider futbolçularda arxayınlıq yaradır. Komandada eniş hiss olunur. Qış fasiləsində "Neftçi” mütləq düzəlməlidir. Düzdür, yaxşı yerli futbolçuların hamısı klublardadır. İstədiyini əldə etmək çətindir. Oyunçu limiti 7/4-dür. Yəni, əcnəbi daha çoxdur. Hansısa mövqelərə keyfiyyətli futbolçu almaqla irəliləyişə nail olmaq mümkündür.

- Əksəriyyət "Neftçi”nin "Qarabağ”a 0:4 hesablı məğlubiyətindən sonra çempionluğun taleyinin böyük ölçüdə həll olunduğunu düşünür. Siz nə fikirləşirsiniz?

- Bu gedişlə, məncə, "Qarabağ”la rəqabət aparacaq komanda olmayacaq. Hansısa oyunlarda xal ala bilərlər. Amma heç bir komandanın böyük ölçüdə stabilliyi görünümür. "Zirə”, "Sabah”, "Neftçi”, "Qəbələ” məncə, 2-5-ci yerlər haqqında düşünür. Hansı ki, həmin yerləri tutmaqla avrokuboklara vəsiqə qazana bilərlər. 

- "Sabah” özünü yaxşı tərəfdən göstərir. Mövsümün sonuna qədər rəqabətə tab gətirə biləcəklər?

- İrəliləyiş var. Amma stabillik yoxdur. Məncə "Sabah”ın problemlərindən biri sintetik meydançalarda xallar itirməsidir. Elə "Qarabağ” da eyni səbəb üzündən çətinlik çəkir. "Sabah”ın hələ oturuşmuş oyunu görünmür. Çempionatımızı saymasaq, Avropada yaxşı mübarizə aparacaq səviyyəyə çatmayıb. Yay aylarına kimi heyəti düzəltsələr yəqin ki, 99 faiz o zonaya düşəcəklər. Orada oynamaq, bir neçə etap keçmək üçün səviyyə artmalıdır. Məqsəd Avroliqaya düşüb bir mərhələ keçib qayıtmaqdırsa, bu olmaz. Uğurlu çıxış üçün indidən nə etməli olduqlarını düşünməlidirlər. Avroliqada ortabablarla düşsələr çətin ola bilər. Yəni stabil komandaları olan balkan ölkələri, Yunanıstan təmsilçilərinə qarşı oyunlarda çətinlik çəkə bilərlər. Buna uyğun formalaşdırmaq lazımdır.

- Son vaxtlarda yığma üçün sürpriz adlar kəşf etmisiniz? 

- Daim izləyib, müzakirələr aparırıq. Marta qədər vaxt var. Klubların planlarını nəzərdən keçirmişik. Demək olar, qış fasiləsində hamısı Antalyaya gedəcək. Yəqin ki, baş məşqçi və bizlər də gedib oyunları izləyəcəyik. Kim özünü yaxşı tərəfdən göstərsə, cəlb edəcəyik. Keçən dəfə "Sabah”da daim heyətdə olmayan Ceyhun Nuriyevi, Bəxtiyar Həsənalızadəni milliyə dəvət etmişdik. Özlərini pis tərəfdən göstərmədilər. Hər bir futbolçu buna hazır olmalıdır ki, hər an baş məşqçi tərəfindən milliyə çağırıla bilər. Hamısı göz qabağındadır. Stabil oynayanlara yol açıqdır. Yaşa baxılmır, əsas odur oynasın, inkişaf etsin.

- Bu yaxınlarda AFFA-nın 30 illiyinə dair veteranlar arasında yoldaşlıq matçı keçirildi. Hansı ki siz də iştirak etdiniz. Həmin oyunla bağlı təəssüratlarınızı öyrənmək istərdim.
 


- ilk növbədə təbrik edirəm. Bu uzun müddətdə çox işlər görülüb. Qarşıda hələ görüləsi çox işlər də var. Belə oyunların keçirilməsi veteran futbolçuları sevindirir. Çünki gəncliyimizi yada salırıq, uzun müddət Azərbaycan çempionatında bir yerdə oynadığımız futbolçularla görüşürük. Böyük sevinc hissidir. Oyuna gəlincə, 60 dəqiqənin 50-də meydançada oldum. Əlbəttə, ayaqlarda olan köhnə zədələr öz sözünü deyir. Ancaq hər futbolçunun özünəməxsus keyfiyyəti var, bunu onların əlindən almaq olmaz. Bu artıq bünövrədir. Hər futbolçu özünə xas olan hərəkətləri meydançada göstərirdi. Bundan başqa həftədə ən azı bir dəfə mütəmadi olaraq oynayırıq. Bu üzdən elə də çətinlik çəkmirik. Digər tərəfdən həftəarası fitneslə məşğul oluram, fiziki formamı saxlamağa çalışıram. 

- Veteranların oyununa və müasir Azərbaycan futboluna baxırsız, nə fikirləşirsiniz? Nə dəyişib?
 


- Təbii ki, sürət, cəldlik və sair artır. Amma ustalıq baxımından veteran futbolçuların topla davranışı, futbola baxışı indikilərdən xeyli fərqlənir. Hiss olunur ki, bu elementlər köhnə futbolçularda daha çox oturuşmuş haldadır. İndikilər sürət baxımından yaxşı olar, amma ustalıq öz sözünü deyir. Topla davranış, onu saxlamaq, hərəkət etmək fərqlənir. Mahmud Qurbanov, Cavid Hüseynov, Rəşad Abdullayev vardı. Lap köhnələrdən mən, Tərlan Əhmədov da oynadı. Getdikə fərq görünür. Nəsil dəyişdikcə, ustalıq da azalır. O düşüncələr ikinci plana keçir. Dinamikaya, sürətə, fiziki göstəricilərə daha çox üstünlük verilir. 

- Bu, azərbaycanlılarda potensialın getdikcə itməsi, yoxsa müasir futbolun tələbləri ilə bağlıdır?

- Məncə uşaq futbolunda bu kimi məşqlərə daha az üstünlük verilir. Bizim vaxtımızda fərdi yanaşmalar çox idi. Təkcə komanda şəklində məşqlərlə kifayətlənmirdik. Məşqçilər bizim üçün əlavə vaxt ayırırdılar, xüsusi, çatışmayan cəhətlər üzərində işləyirdik. Məsələn, kiminsə sağ ayağı yaxşı, solu zəif idisə, onu tənzimləməyə çalışırdıq. Futbolçuların başla, ayaqla zərbələri üzərində çalışırdılar. İndi Premyer Liqada oynayan bəzi futbolçular var ki, sağ ayaqla yaxşıdırlar, amma top sol tərəfə düşəndə nə edəcəklərini bilmirlər. Çətin vəziyyətdə qalırlar. Belədə rəqiblər onun işlək tərəfini bağlayıb topu alırlar. Halbuki sol ayaqla yaxşı davrana bilsələr, vəziyyətdən çıxarlar. Belə texniki çatışmazlıqlar çoxdur. Bu mənada itkilərin də sayı artır, 2-3 ötürmədən sonra top itirilir. Müasir dönəmdə analiz sistemi güclüdür. Hər komandanı analiz edirlər, güclü cəhətlərini nəzərə alıb onlara qarşı tədbir görürlər. Belədə kimin texnikası güclüdürsə, o da vəziyyətdən çıxmağı bacarır. 

- Halbuki Azərbaycana texnikalı futbol daha yaxındır…

- Bəli, bizə daha yaxındır. Müasir futbola baxın, İspaniya, Argentina texniki elementlərə görə üstünlük təşkil edir. Birəbir olanda rəqibi aldada bilirlər. Arxaları rəqibə tərəf olanda vəziyyətdən çıxırlar. Çünki futbolçuların ayaqlarının hər ikisi işləkdir. Onlara saniyələr kifayətdir ki, boşluğu tamamlasın. Məsələn Mbappe yanında neçə futbolçunun olmasına baxmayaraq, bir saniyə vaxt tapan kimi sağ və ya sol ayağından istifadə edərək vəziyyətdən çıxır. Bu gün sürət, dinamika nə qədər inkişaf etsə də, fərdi keyfiyyətlər çox önəmlidir. Xüsusən də aşağı yaş qruplarında məşqçilər buna diqqət yetirməlidir. Yəni meydanda topu uşağa verib bir saat futbolla, onları qaçırmaqla deyil bu kimi işlərlə məşğul olmalıdırlar. Sovet dönəmində məşqçilərin qarşısında vəzifə var idi. Nəticə qazanmaq deyil, ən azı bir-iki futbolçu yetişdirib milliyə verirdisə, onu dəyərləndirirdilər. Məsələn, "əməkdar məşqçi” kimi adlar verirdilər. Aşağı yaş qruplarında futbolçu yetişdirmək önəm daşımalıdır. Yoxsa ki, ancaq nəticəni düşünürlər. Nəticə ilk planda olanda anti-futbol hərəkətləri yaranır. Futbolçular əlavə şans qazanmır. İki-üç ucaboy futbolçu gətirilir, biri ötürür, digəri də qol vurur vəssalam. Futbol yerdə deyil, göydə gedir.

Səbuhi Həsənov