Sağlamlıq 21:46 24.11.2023

Çəki artımı 13 növ xərçəng riskini artırır (SİYAHI)

Artıq çəki və piylənmə bağırsaq, yumurtalıq, döş, uşaqlıq yolu, mədəaltı vəzi, böyrək və yemək borusu xərçəngi də daxil olmaqla 13 növ xərçəngin inkişaf riskini artırır. 

Qaynarinfo "Daily Mail"ə istinadən bildirir ki, bunu böyük araşdırmalar təsdiqləyir.

Britaniyalı alimlərin "ResearchGate"də dərc etdiyi bu yaxınlarda apardıqları araşdırma nəticəsində məlum olub ki, artıq çəkili insanlarda bir çox xərçəng növlərinin inkişaf riski 23% çoxdur. Çox güman ki, artıq çəki bədəndə şişlərin böyüməsinə kömək edən iltihaba səbəb ola bilər. 
Bundan əlavə, obez insanlar qanlarında yüksək insulin səviyyəsinə malikdirlər. Məlumdur ki, bu hormon xərçəng hüceyrələrinin fəaliyyətini stimullaşdıra bilir. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin tədqiqatının aparıcı müəllifi Haynts Freqslinq deyir ki, əgər sizdə ürək-damar xəstəliyi varsa, xərçəngə tutulma riskiniz daha da yüksəkdir.

ABŞ alimləri də oxşar nəticəyə gəliblər. 11 il ərzində onlar bədən kütləsi indeksinin normadan yuxarı (18,5-dən 25-ə qədər) olan 577 343 insanı müşahidə ediblər. Onlar müəyyən ediblər ki, piylənmə uşaqlıq, yumurtalıq, döş, mədəaltı vəzi, qalxanabənzər vəzi, böyrək, yoğun bağırsaq və yemək borusu xərçəngi də daxil olmaqla 13 növ xərçəngə səbəb ola bilər. Araşdırmanın nəticələri "BMC Medicine" jurnalında dərc olunub.

Aydın