Xəbər lenti

İdman 16:25 22.01.2024

Əsədov “Neftçi”də nə görüb? “Mutunun dönəminə nisbətən, indi…”

Azərbaycan Premyer Liqasında qış fasiləsindən sonra ilk qarşılaşma baş tutdu. 19-cu turun ilk görüşü Masazırda "Sabah”la "Neftçi” arasında keçirildi. Maraqlıdır, fasilədən sonra sözügedən klublar, xüsusən də "Neftçi” necə göründü? Baş məşqçi dəyişikliyindən sonra hansısa irəliləyiş hiss olunurmu?

Həm "Neftçi”, həm də "Sabah”ın sabiq məşqçisi Arif Əsədov Qaynarinfo-ya açıqlamasında hər iki komandanın durumunu dəyərləndirib:

"Neftçi” dünənki oyunda istəkli göründü. Komanda ilk dəqiqələrdən sanki səfərdə deyil, evdə oynayırmış kimi təsir bağışlayırdı. Getdikcə, oyun bərabərləşdi. Ümumiyyətlə oyun daha çox mərkəzdə davam etdiyi üçün hər iki tərəfdən təhlükəli vəziyyətlər az oldu. "Neftçi”də hücum xəttində qol vəziyyətlərini dəyərləndirmək baxımından problemlər var. Müdafiədə oyun qurulur, top mərkəzdə gəzir, amma sonda nöqtəni qoymaq üçün anlaşma tam yerində deyil. Düzdür, komandanı bir oyunla qiymətləndirmək olmaz. Lakin Mutunun dönəminə nisbətən, indi topa daha çox nəzarət etməyə çalışırlar.

Diqqətimi çəkən bir məqam da bu oldu ki, səfərdə oynamalarına və hesabın 0:0 olmasına rəğmən baş məşqçi əvəzetmələrlə qələbə qazanmaq istəyir. Əvəzetmələrin effektli olmasına doğru addımlar atılır. Hücumeyilli oyunçuları, Filip Ozobiçi və yeni gələn futbolçunu meydana buraxmaqla oyunu udmağa çalışırdı. Bu da "Neftçi”yə yaraşan üslubdur. Komanda evdə və ya səfərdə olmasına baxmayaraq daim bir nömrə kimi çıxış etməlidir. Hücumameyillilik və məşqçinin qalib gəlmək istəyi hiss olunur. 

"Sabah” da elə-belə komanda deyil. Avroliqa üçün oynayırlar. "Neftçi” üçün səfərdə xal qazanmaq vacib olduğu halda, qalib gəlmək istədiyi görünürdü. Toplanış vaxtı "Neftçi”nin məşqində iştirak etmişdim. Oyununa isə internet vasitəsilə baxdım. "Neftçi”ni "Sabah”la oyunda daha yaxşı gördüm. Təbii ki, hazırlıq dönəmində yeni baş məşqçi bütün futbolçulara şans verməyə çalışır. Belədə nəticə önəm daşımır. Amma burada artıq göründü ki, optimal heyəti müəyyənləşdirib və futbolçuları daha yaxşı tanıyır”.

Əsədov "Sabah”la bağlı bunları deyib:

"Qış fasiləsindən əvvəlki ab-hava yaxşı mənada dəyişib. Antalyadakı oyunda da gördüm ki, futbolçularda atmosfer dəyişib, istək çoxalıb. Komanda şəklində oyuna daha çox üstünlük verirlir. Amma "Sabah”da da hücum fazasında çatışmazlıqlar var. Buna baxmayaraq, komanda ümid verir. Xal fərqi də çox deyil. Bu oyunda hər iki komanda bir xal qazandı deyə bilərik. "Neftçi” hətta ikinci yerə yüksəldi. Sözümün canı odur ki, komandalar daha yaxşı çıxış edəcəklər”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->