Müğənni Xuraman Şuşalı xına məclislərinin təşkili üçün 5-6 min manat qonorar alması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, kollektivinin təqdim etdiyi xidmət nəzərə alınanda bu məbləğ heç də yüksək deyil:
"Hər şey müştərinin istəyindən asılıdır. Mən heç vaxt məclislərimin qiymətini açıqlamamışam. Elə məclislər var ki, sahibi çox şey istəyir, tələbləri yüksək olur. Bizim dekor şirkətimiz var və bütün büdcələrə uyğun qiymətlər müəyyənləşdirilib. Məbləğ müştərinin sifarişindən və istəyindən asılıdır. Bəziləri məclisin təbii güllərlə bəzədilməsini istəyir, digərləri isə süni güllərə üstünlük verir. Hətta zalın tamamilə güllərlə bəzədilməsini tələb edənlər də olur. Təbii ki, bütün bunlar qiymətə təsir göstərir. İşçi qüvvəsinin və dekorun xərci də dəyişir. Hər şey tələbatdan asılıdır. Amma qiymət məclis sahibi ilə mənim aramda olan məsələdir".
Xuraman Şuşalı əlavə edib ki, bu gün musiqi təhsili olmayan, hətta süni intellektdən istifadə edərək ifa edən şəxslər belə yarım saatlıq çıxış üçün 5 min manat qonorar alırlar:
"O nə puldur axı? Bu məbləğ çox azdır. Mən tədbiri başdan-ayağa idarə edirəm, özümlə çoxsaylı musiqiçilər aparıram. Fotoqraf, operator, rəqqasələr, dekoru quran əməkdaşlar, sürücü və digər işçilər bu komandanın üzvləridir. Bu gün adi marketə girib 100 manata bir torba ərzaq almaq belə mümkün deyil. Belə olan halda işçilər havayı işləməlidirlər? Bu gün kim pulsuz işləyir? Mənim illərlə qazandığım təcrübə və çəkdiyim zəhmətin müqabilində bu məbləğ nədir ki? Mənimlə bir məclisə ən azı 30 nəfər gedir. Hesablayanda hər adama 200-300 manat belə düşmür".
Müğənni bildirib ki, qazandığı qonorarı komanda üzvləri ilə bölüşür:
"Mənimlə çalışan insanlar zəhmət çəkirlər. Xına məclislərində elə də böyük qazanc yoxdur. Allah hamıya bol ruzi versin. Bu gün dolanmaq çətindir. Qazandığın pulu da xərcləməlisən - həm özünə, həm də övladının təhsilinə. Tədbirlərə uyğun geyimlərin olmalıdır. Müxtəlif məclislərə eyni geyimlə getmək olmur. Çünki iştirak etdiyin tədbirlər sosial şəbəkələrdə paylaşılır və hər kəs bunu görür. Qazandığın pulu təkcə özün xərcləyə bilməzsən. Onu əməkdaşlarınla bölüşməli, qazancın dövriyyəsini təmin etməlisən".
Qeyd edək ki, bundan əvvəl müğənni Xuraman Şuşalının xına məclislərinin təşkili üçün məclis sahiblərindən 5-6 min manat qonorar tələb etməsi ilə bağlı məlumat yayılmışdı.
Bahar Rüstəmli
Şərhlər