İdman 14:22 26.01.2023

Yığmamızın məşqçisi durumu dəyərləndirdi: “Şahruddin böyük itkidir”

Azərbaycan Premyer Liqasında artıq fasilə bitib. Qış fasiləsini Türkiyədə keçirən klublar artıq təlim-məşq toplanışının bəhrəsini ölkə çempionatında görmək istəyir. Türkiyədə klubların məşqlərini yığmamızın məşqçiləri də izlədi. Bəs onlar hansı fikirdədir?

Millimizin məşqçisi Arif Əsədov Qaynarinfoya açıqlamasında izlədikləri haqda təəssüratlarını bölüşüb:

"Yanvarın 11-dən 21-nə qədər Türkiyədə oldum. Baş məşqçi Canni De Byazi də orada idi. Bizdən iki gün əvvəl gəlmişdi. Demək olar, klublarımızın bütün oyunları izlədik. Nə demək olar? Qış fasiləsində əsasən klublar fiziki hazırlığa və yoldaşlıq görüşlərinə üstünlük verirdilər. Ümumi götürsək, komandalar 70-80 faiz hazırdırlar. 10 faiz aşağı-yuxarı ola bilər. Yeni transferlər elə də çox olmayıb. Qış fasiləsində yaxşı futbolçular almaq çətindir. Hazırlıqlar zamanı daha çox gənclər gözə çarpırdı. Hansı ki, çempionatda az şans qazanırdılar. Yenilik görmədik. Mart ayına hələ var. O vaxta qədər çempionat oyunlarını izləyəcəyik. Hər hansı futbolçu özünü yaxşı tərəfdən göstərsə, qapılar açıqdır. Ümumilikdə hər hansı sürpriz görmədik. Əsasən futbolçuların durumu, hansı səviyyədə olması bizi narahat edirdi”.

Əsədov hansı klubumuzun təlim-məşq toplanışında daha fəal olduğu haqda fikirlərini bölüşür:

"Daha çox aşağı yerləri tutan komandalar çox aktiv görünürdü. "Səbail”ə yeni baş məşqçi gəlib - Şahin Diniyev. Oyunları dəyişib, yeni futbolçular transfer etmişdilər. Onların durumu maraq doğurdu. Oyunlarına baxdıq, görünürdü ki, komanda istəklidir. Hər şey yüksək səviyədə deyildi, amma irəliləyiş hiss olunurdu. Klublar hərə öz büdcəsinə görə transferlər edib. Görünür ki, güclülər dəstəsində qalmaq üçün mübarizə gedəcək. 4-5 komanda var ki, aktiv idi. Liderlər qrupunda yer alanlara gəlincə bəlkə də "Qarabağ”ın nəticələri yaxşı olmadı. Amma bilirik ki, klubun məqsədləri var. Bəzi problemlər də vardı. Gedənlər olmuşdu, zədələnənlər var idi. Yenə də komanda planlı şəkildə işini görürdü. Nəticəyə deyil, futbolçuların fiziki durumunu və oyun keyfiyyətinin artırılmasına üstünlük verirdilər. "Neftçi” son anda transfer etdi. İndi eşidirik ki, yenə futbolçu almaq istəyirlər. Daha yaxşı olardı ki, futbolçu ilk gündən komandaya qoşulardı, oyun fəlsəfəsinə, sistemə alışsın. Eddi İsrafilov, Ata Cabeer zədəlidir. Bunlar sonradan komandaya qatıldı. Yusuf Lavalın və bir neçə futbolçunun getməsi bir qədər qeyri-stabillik kimi görünürdü. "Sabah” taktiki və oyun keyfiyyətini yaxşılaşdırmaq üçün işlər görürdü. Oyunlarda daha çox stabil heyətdən istifadə edirdilər. Transfer bazarında elə də aktiv deyildilər. "Zirə” ilə "Qəbələ”də də böyük transferlər olmadı. Onlarda stabilliyə daha çox diqqət yetirirdilər”.

Mütəxəssis xüsusən də "Neftçi”nin yeni transferini yaxşı qiymətləndirdiyini deyir:

"Neftçi”nin yeni vingeri pis təsir bağışlamadı. Təbii ki, fiziki baxımdan hələ relsə düşməyib. Amma keyfiyyəti görünürdü. Dribblinqi "Neftçi”yə lazım ola bilər. Komandaya belə futbolçu lazım idi. Son illərdə Flavinyo, Vobay tipli futbolçular oynadı komandada. Yusuf Lavalla Kenni Sayef də vinger kimi çıxış edirdi. Amma düşünmürəm ki, onlar sırf "Neftçi”yə layiq idilər. İndiki futbolçu hiss olunur ki, komandanın fəlsəfəsinə uyğundur. "Neftçİ” "Qarabağ” kimi çempionluğa oynayan komandalarda vingerlərdən çox şey asılıdır. Çünki cinahlardan üçüncü hücumçu kimi iştirak edirlər. "Qarabağ”ın yeni transferi də keyfiyyətli futbolçudur. Amma görünür, oyun praktikası baxımından əziyyət çəkir. Ona da bir qədər vaxt lazımdır. "Səbail” də vinger transfer etmişdi. Bu futbolçular bir-birilərinə uyğundur. Aldatmağı xoşalayan oyunçuarın olması müasir futbolda vacibdir, çünki komandanın gücünü artırır”.

"Diniyevin gəlişindən sonra "Səbail”də hansı dəyişikliklər görünür” sualını keçmiş futbolçu belə cavablandırır:

"Oyun intizamı var. Təbii ki, Şahin müəllimlə yaxından danışdıq. Həmin vaxt problemlər vardı. Stabil heyət oynada bilmirdi. Son dönəmdə yayılan xəstəlik komandaya təsir etmişdi. Komandanı tam istədiyi heyətlə oynada bilməməsi göz qabağında idi. Amma gənclərə şans verirdi. Çempionat başlayıb. "Turan Tovuz”, "Qarabağ” matçında da gördük, ilk oyunlarda səviyyələr bərabər ola bilir. Hansı komanda təlim-məşq toplanışını yaxşı keçibsə, bu görünəcək”.

Əsədov çempionatın qalan hissəsindən nə gözlədiyini də bildirir. O, "Qarabağ”ın çempionluğu əldən verəcəyinə inanmadığını deyir:

"Turnir cədvəlini iki yerə bölsək, Premyer Liqada qalmaq və avrokuboklarda oynamaq üçün mübarizə aparanlar var. Məncə, digər komandaların "Qarabağ”a çatması çətin olacaq. Amma ikinci, dördüncü yer uğrunda mübarizə artacaq. Bir də düşünürəm ki, güclülər dəstəsində qalmaq üçün mübarizələr daha gərgin olacaq. O zonadakı komandalar daha aktivdirlər. Üstəlik aralarındakı xal fərqi də azdır”.

Qış fasiləsində "Qarabağ”ın və yığmanın əsas qapıçısı Şahruddin Məhəmmədəliyev zədələndi. Bəs yığma məşqçiləri bu itki ilə bağlı nə düşünür və kimi nəzərdə tuturlar?

"Şahruddindən başqa daha iki qapıçımız vardı - Emil Balayev və Səlahət Ağayev. Onlar son vaxtlarda stabil oynayırdılar. Şahruddinin zədələnməsi bizim üçün böyük itki sayılır. Kiminlə əvəz ediləcəyinə gəlincə, qarşıdakı oyunarı izləyəcəyik. Gənc qapıçılar var ki, özlərini yaxşı tərəfdən göstərirlər. İndi nəsə demək çətindir. Baxılacaq və qərar veriləcək. Çünki hər zaman nə isə baş verə bilər”.

Səbuhi Həsənov