"Nvidia" Çin bazarı üçün xüsusi olaraq nəzərdə tutulmuş, süni intellektə (Sİ) dair yeni mikrosxemanın buraxılışına hazırlaşır. Məlumata görə, bu çip, ABŞ-ın ixrac məhdudiyyətlərinə görə qadağan olunmuş H20 modelindən əhəmiyyətli dərəcədə ucuz olacaq. Kütləvi istehsalın iyun ayında başlanması planlaşdırılır.
Qaynarinfo xəbər verir ki, mənbələrin bildirdiyinə görə, Blackwell adlı ən son memarlıq platformasına daxil olan bu prosessorun qiyməti təxminən 6.500–8.000 dollar arasında
olacaq. Müqayisə üçün, H20 modelinin qiyməti 10.000–12.000 dollar təşkil edirdi.
Daha aşağı qiymət məhsulun texniki xüsusiyyətlərinin zəif olması və istehsal prosesinin sadələşdirilməsi ilə əlaqədardır. İki mənbənin bildirdiyinə görə, bu çip "Nvidia" RTX Pro 6000D server qrafik prosessoru əsasında hazırlanacaq və daha müasir texnologiya əvəzinə GDDR7 tipli standart yaddaşdan istifadə ediləcək.
Bundan əlavə, cihazda Tayvanın TSMC şirkəti tərəfindən hazırlanmış qabaqcıl Chip-on-Wafer-on-Substrate (CoWoS) qapaqlama texnologiyasından istifadə edilməyəcək.
"Reuters” agentliyinə danışan üç mənbə anonim qalmaq istədiklərini bildiriblər, çünki mediaya rəsmi açıqlama vermək səlahiyyətləri yoxdur.
"Nvidia"nın nümayəndəsi bildirib:
"Biz yeni məhsulun dizaynını müəyyənləşdirib ABŞ hökumətinin təsdiqini almadan, faktiki olaraq 50 milyard dollarlıq Çin məlumat emalı mərkəzləri bazarından kənarda qalırıq”.
Qeyd edək ki, ötən maliyyə ilində Çin »Nvidia»nın ümumi satışlarının 13%-ni təşkil edib. Bu, ABŞ-ın ixrac məhdudiyyətləri səbəbindən amerikalı istehsalçının Çin bazarı üçün qrafik prosessoru adaptasiya etməyə məcbur qaldığı artıq üçüncü haldır. Vaşinqton bu yolla Çində texnologiyaların inkişafını ləngitməyi qarşısına məqsəd qoyub.
Alpər
Şərhlər